Vergi ödəyicisi yaşadığı yeri dəyişdikdə, vergi orqanına bununla bağlı 15 gün müddətində ərizə verməlidir.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev Vergi Məcəlləsinə təklif olunan dəyişikliyi təsdiqləyib.
Belə ki, vergi ödəyicisinin olduğu və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 15 gün müddətində ərizə verməlidir. Vergi orqanı isə həmin müddətdə şəxsi yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir.
Bundan başqa, vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 15 gün müddətində vergi orqanına məlumat təqdim olunmalıdır.
Müddətlərin optimallaşdırılması vergi ödəyicilərinin məlumatlarında baş verən dəyişikliklərin onların uçot məlumatlarında daha operativ şəkildə əks etdirilməsinə, son nəticədə həm vergi uçotu, həm də hüquqi şəxslərin reyestr məlumatlarının real vəziyyətə (dəyişikliklərə) daha sürətli şəkildə uyğunlaşdırılmasına imkan yaradır. Hüquqi şəxslərə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi onların dövlət qeydiyyatına alındığı zaman verildiyindən və həmin andan onlar vergi uçotuna alınmış hesab olunduğundan dəyişiklik eyni zamanda vergi uçotu məlumatlarının da dəqiqliyinə xidmət etmiş olur.
Bundan başqa, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməlidir.
Həmçinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişikliyə əsasən isə Azərbaycanda hüquqi şəxsin (şirkətin) iflas prosesində olması dövlət qeydiyyatına alınacaq. Layihəyə əsasən, qanunvericiliyə yeni maddə əlavə olunur.
Belə ki, bankların müflisləşmə və iflas prosesində olması “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla dövlət qeydiyyatına alınacaq.
Hüquqi şəxsdə iflas prosesi məhkəmənin iştirakı olmadan başlandığı halda, borclunun iflas prosesinin başlanması barədə qərarının qəbul olunduğu tarixdən, iflas prosesi məhkəmə qaydasında başlandığı halda isə borclunun ərizəsinin məhkəmə tərəfindən qəbul edildiyi tarixdən və ya kreditorun ərizəsi əsasında borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 15 gündən gec olmayaraq, ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli, iflas prosesinin başlanması barədə borclunun qərarı və yaxud müflis elan olunma barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və möhür təqdim olunmalıdır.
Digər dəyişiklik isə təsis sənədləri ilə bağlıdır. Belə ki, təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması ilə bağlı müddət azaldılır. Layihəyə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 15 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu qanunun tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alınacaq.