AZ

"O, sanki Osvensimdən çıxmış bir insana bənzəyirdi…" - Svetlana Tixanovskaya

 
"Sergey hərəkatımızın mühərrikinə çevriləcək..."
 
Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya bəyan edib ki, əri Sergey Tixanovskinin bu dərəcədə arıqlaması və əzələ kütləsini itirməsi həbsxanadakı amansız şəraitin nəticəsidir.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "gordonua.com" nəşrinin baş redaktoru Alesya Batsmana verdiyi müsahibəsində deyib.
 
Tixanovskinin beş illik həbs həyatından sonra necə bir fiziki və psixoloji vəziyyətdə azadlığa çıxdığını təsvir edərkən Svetlananın sözləri ürəkağrıdıcı səslənir: "O, artıq 135 kiloqramlıq sağlam bir kişi deyil. Cəmi 79 kiloqramdır. Deyərdim ki, o, sanki Osvensimdən çıxmış bir insana bənzəyirdi". O, qeyd edib ki, həbsdə ona nə əlavə yemək göndərmək, nə də alış-veriş üçün pul çatdırmaq mümkün olub. Günlərlə yalnız su və az miqdarda qida ilə yaşamağa məcbur edilən siyasi məhbuslara "xilas üçün minimum"dan artıq heç nə verilməyib.
 
 
"İndi hər dadı yenidən kəşf edir"
 
Beş illik qida qıtlığından sonra Sergey indi sanki dünyanı yenidən dadmağa çalışır. Svetlana deyir ki, o, indi hər şeyi - qəhvədən tutmuş istənilən yeməyə qədər hər şeyi dadmaq istəyir. Lakin buna baxmayaraq, özü-özünü idarə etməyə çalışır. Çünki aclıq dövründən sonra bədəni böyük miqdarda yeməyə dərhal keçidə hazır deyil. Onu hazırda "zülalla bəsləməyə" çalışırlar ki, əzələlərini bərpa edə bilsin.
 
"Birinci cəngavər" və yeni rol
 
Ərinin fiziki durumu ilə yanaşı, psixoloji adaptasiya prosesi də asan deyil. Amma Sergey Tixanovski həyat yoldaşının siyasi liderliyini qəbul edir və onu dəstəkləyir. "O, mənim liderliyimi heç vaxt sorğulamayıb. Özünü "birinci cəngavər" adlandırır. Prezidentin yanında necə ki, birinci xanım olur, bizim ailədə də belədir - mən prezidentə bənzər, o isə birinci cəngavər", - Svetlana zarafatla bildirib.
 
Sergey üçün yeni həyat ritminə alışmaq bir qədər çətindir. "O, əvvəllər işləyirdi, evdə idi, indi isə mən gedirəm, görüşlərə, səfərlərə qatılıram. O isə mənə sadəcə "yaxşı yol" deyir", - Svetlana bildirir. Onların fərqli temperamentləri bu tandemi daha da gücləndirir: Svetlana daha soyuqqanlı və diplomatik, Sergey isə emosional və enerjilidir.
 
Tixanovskinin yenidən mübarizəyə qatılması
 
Tixanovskaya hesab edir ki, əri hələ baş verənləri tam dərk etməyə çalışır. Beş il ərzində ölkədə və dünyada çox şey dəyişib. Lakin o, Serqeyin media və kommunikasiya sahəsində yenidən fəallaşacağına inanır: "O, blogerlikdə və ictimai ünsiyyətdə güclüdür. Məncə, o, hərəkətimizin mühərrikinə çevriləcək".
 
Sergey Tixanovski 2020-ci ilin mayında prezidentliyə namizədliyini irəli sürmək istədiyini bəyan edəndən dərhal sonra həbs edilib. Namizədliyinə icazə verilməyib, əvəzində həyat yoldaşı Svetlana Tixanovskaya müxalifətin vahid simasına çevrilib. 
 
2021-ci ilin dekabrında Tixanovski 18 il həbs cəzası alıb. Beş illik ağır həbs həyatından sonra o, yalnız 2025-ci ilin iyununda - ABŞ nümayəndəsinin Minskə səfəri fonunda azadlığa buraxılıb. Bu azadlıq fiziki xilasdan daha çox bir ailənin yenidən birləşməsi, bir hərəkatın ruhunun geri dönməsi və bəlkə də Belarusda demokratik dəyişikliklərin ümidinin təzələnməsi mənasını daşıyır.
Seçilən
98
42
moderator.az

10Mənbələr