İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani "Euronews" telekanalına müsahibəsində bildirib ki, İran indiki vəziyyətdə çətin qərarlar qəbul etməlidir.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Onun sözlərinə görə, İran xalqının rifahı, milli təhlükəsizliyi, ölkənin bütövlüyü və milli maraqlar uranın zənginləşdirilməsinə qurban verilə bilməz.
Son aylarda baş tutan İran-ABŞ nüvə danışıqlarını və İsraillə ABŞ-nin İrana hərbi hücumlarını xatırladan Süleymani vurğulayıb ki, İran hazırda güc dünyası qarşısında zəifdir.
O, Avropa üçlüyü ilə İran arasında gözlənilən danışıqlara ümidini ifadə edərək, bu danışıqların Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində "tətik mexanizminin" istifadəsini gecikdirməsi və dünya ölkələri ilə İran arasında gərginliyin azaldılması istiqamətində diplomatik uğur əldə edəcəyinə diqqət çəkib.