AZ

Azərbaycan elmi kontekstində milli mətbuatın 150 illik yubiley təntənəsi

Bakı, 21 iyul, AZƏRTAC

Azərbaycan mətbuatı tarix boyu cəmiyyətimizin inkişafında, xalqımızın tərəqqisində, maarifçilik ideyalarının yayılmasında, vətənpərvər və ziyalı şəxslərin yetişməsində mühüm rol oynayıb. Böyük mütəfəkkir Həsən bəy Zərdabinin redaktorluğu ilə 1875-ci ildə nəşrə başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız bu gün 150 illik möhtəşəm yubileyini qeyd edir. Bu yubiley təkcə mətbuat tariximiz üçün deyil, ümumilikdə xalqımızın ictimai, siyasi və mədəni inkişaf yolunun önəmli mərhələsi kimi dəyərləndirilir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanovanın “Azərbaycan elmi kontekstində milli mətbuatın 150 illik yubiley təntənəsi” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 aprel 2025-ci il tarixində “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, cəmi iki il fəaliyyət göstərmiş “Əkinçi” qəzeti maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı mübarizə aparmış, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, həmçinin mütərəqqi jurnalist nəslinin formalaşmasına mühüm töhfələr vermişdir. Həmçinin Milli Məclisin bu ilin fevral ayında keçirilən iclasında “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təsis olunmuşdur. Layihəyə əsasən, milli mətbuatın inkişafına xidmət edən, media qanunvericiliyinin təkmilləşdirilməsində fərqlənən şəxslər bu medalla təltif olunacaqlar.

Bu il həm də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi qeyd edilir. Bu iki əlamətdar tarix – milli mətbuatın 150 və AMEA-nın 80 illiyi – xalqımızın maarifçilik ənənələrinin və milli intellektual irsinin inkişafında bir-birini tamamlayan mühüm mərhələlər kimi tarixə yazılır. Azərbaycan mətbuatı və elmi paralel şəkildə inkişaf edərək cəmiyyətin tərəqqisində bir-birini dəstəkləyən qüvvəyə çevrilib.

Azərbaycan mətbuatının inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri müstəsnadır. Ümummilli Lider hakimiyyətdə olduğu bütün dövrlərdə mətbuatın cəmiyyətdəki rolunu yüksək qiymətləndirib, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirib. Ulu Öndər tərəfindən mətbuatla bağlı 10-dan çox fərman və sərəncam imzalanıb.

Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının mətbuatın inkişafına göstərdiyi diqqət, qəbul etdiyi qərarlar, jurnalistika sahəsindəki problemlərin həlli istiqamətində atdığı addımlar mətbuatın fəaliyyət imkanlarını genişləndirib, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub.

AMEA mətbuatı da milli mətbuatımızın ayrılmaz tərkib hissəsi kimi, elmi-intellektual həyatımızda həmişə xüsusi yer tutub. Bu kontekstdə science.gov.az portalının – ölkənin ilk veb-saytının – yaradılmasının 30 illiyinin qeyd olunması xüsusi önəm daşıyır. Portal illər boyu AMEA-nın elmi nailiyyətlərini və aktual tədqiqatlarını geniş auditoriyaya çatdırmaqla, elmin cəmiyyətə inteqrasiyasına və beynəlxalq informasiya mübadiləsinə böyük töhfə verib.

Bu il milli mətbuatımız ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələri geniş işıqlandırıb. Xüsusilə Qarabağ bölgəsində keçirilən tədbirlər, dövlət bayramları və beynəlxalq səviyyəli görüşlərin mediada geniş yer alması vətənpərvərlik ruhunun gücləndirilməsinə, dövlətçilik ideyalarının təbliğinə xidmət edib.

Bu kontekstdə 2025-ci ilin ən əlamətdar hadisələrindən biri, 28 May – Müstəqillik Gününün Laçın şəhərində təntənəli qeyd olunmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə baş tutan bu tədbir üç qardaş ölkə arasında dostluq və strateji tərəfdaşlığın rəmzi kimi tarixə düşdü.

Bundan başqa, Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda elmi konfrans keçirilib. Elm və Təhsil Nazirliyi ilə AMEA-nın birgə təşkilatçılığı ilə baş tutan bu tədbirdə tanınmış alimlər, AMEA rəhbərliyi və Qarabağ Universitetinin professor-müəllim heyəti iştirak edib. Konfransın əsas məqamları Azərbaycan mətbuatında və science.gov.az portalında geniş işıqlandırılıb.

Bu gün AMEA mətbuatı akademiyanın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə fəaliyyətini yeni mərhələdə davam etdirir. Akademiyanın elmi informasiya siyasəti müasir yanaşmalar əsasında qurulur, milli elmi irsin təbliği, alimlərin fəaliyyətinin işıqlandırılması və gənc tədqiqatçıların uğurlarının cəmiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılır.

Azərbaycan mətbuatı tarixən çətin sınaqlardan keçərək formalaşıb. Xüsusilə COVID-19 pandemiyası dövründə və 44 günlük Vətən müharibəsi zamanı jurnalistlərimiz yüksək məsuliyyətlə çalışaraq cəmiyyətin məlumatlandırılmasında, milli həmrəyliyin gücləndirilməsində əvəzsiz rol oynayıblar.

Bu gün qlobal rəqəmsal transformasiya, IV Sənaye İnqilabı dövründə Azərbaycan mətbuatı da yeni çağırışlara uyğunlaşır. Süni intellekt əsaslı platformaların inkişafı ilə media məkanında yeni mərhələ başlayır.

İnanırıq ki, 150 illik şərəfli tarixə sahib olan milli mətbuatımız bundan sonra da Azərbaycanın milli maraqlarının müdafiəsində, cəmiyyətin maarifləndirilməsində və dövlətçilik ideyalarının təbliğində öz missiyasını uğurla davam etdirəcək.

Seçilən
12
30
azertag.az

5Mənbələr