Bugünlərdə ölkəmizdə milli mətbuatımızın yaranmasının 150 illik yubileyi ümumxalq təntənəsi kimi qeyd edilir. Bu, səbəbsiz deyil. Azərbaycanda ilk anadilli qəzetin nəşr edilməsi təkcə jurnalistika tariximiz üçün deyil, ictimai fikrin milli oyanış və maariflənmə mərhələsinə qədəm qoyması baxımından da taleyüklü hadisə sayılır.
Azərbaycanda milli mətbuatın təməlinin 1875-ci ildə Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə qoyulması çoxminillik mədəni inkişaf tariximizdə yeni bir sahənin – jurnalistikanın ictimai fəaliyyət meydanına daxil olması ilə əlamətdar olub. Sonrakı illərdə milli ziyalılarımız bu yolu hədsiz çətinliklərə sinə gərməklə davam etdirərək “Ziya” - “Ziyayi-Qafqaziyə”, “Kəşkül”, “Şərqi-rus”, “Həyat”, “Molla Nəsrəddin”, “İrşad”, “Tazə həyat”, “Həqiqət”, “Açıq söz” kimi mədəni inkişafı, milli toparlanmanı, istiqlal məfkurəsini ərsəyə gətirən çoxsaylı qəzet-jurnallar buraxmışlar. Beləliklə XIX əsrin son rübündə ilk qəzeti işıq üzü görmüş Azərbaycan XX əsrə milli mətbuatını inkişaf etdirən məmləkət kimi daxil olub.
Milli mətbuat tarixində ümummilli nəşrlərlə yanaşı, sahə və bölgə nəşrlərinin buraxılışı da önəmli yer tutur. Bu baxımdan elmi jurnalistikamız da yaranıb inkişaf edib, ölkəmizdə ziyalı nəşri kimi populyarlıq qazanıb. Azərbaycan elminin baş qərargahı və tədqiqat təsisatları şəbəkəsi olan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidməti və media resursları onilliklər boyu elmi biliklərin geniş kütlələrə çatdırılmasında, intellektual düşüncənin cəmiyyətə inteqrasiyasında və sahənin informasiya tələbatının ödənilməsində önəmli vəzifələr yerinə yetirib.
Hazırda AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi bu missiyanı yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirir. Şöbə ölkədə elmi informasiya təminatının mühüm mərkəzlərindən birinə çevrilib və cəmiyyətin elmi məlumatlara çıxış imkanlarını daha da genişləndirməyə xidmət edir.
Yubileyə hazırlıq və onun yekun mərhələsində gündəmə gətirilən mövzulardan biri də ölkəmizdə mətbuatın inkişafına ulu öndər Heydər Əliyevin müstəsna diqqət və qayğı göstərməsi, bu siyasəti onun ən layiqli varisi Prezident İlham Əliyevin yüksək səviyyədə davam etdirməsidir. Haqlı olaraq vurğulanır ki, Ümummilli lider hakimiyyətdə olduğu hər iki dövrdə jurnalistikanın cəmiyyətin inkişafında rolunu yüksək qiymətləndirmiş, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Prezident İlham Əliyevin milli medianın inkişafına göstərdiyi dövlət dəstəyi, çağdaş jurnalistikanın problemlərin həlli istiqamətində atdığı addımlar, imzaladığı fərman və sərəncamlar jurnalistlərimizin dövrün çağırışlarına uyğun fəaliyyət göstərmələrinə əlverişli şərait yaradıb.
Ölkə Prezidenti İlham Əliyevin milli medianın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq, Azərbaycan milli mətbuatının 150 illik yubileyinin geniş qeyd olunması haqqında sərəncam imzalaması jurnalistikamızı mədəni tariximizə, bugünümüzə və gələcək hədəflərimizə daha həssas və sayğılı bir duruma gətirib. Bununla əsryarımlıq milli jurnalistikamız bir daha xalqımıza hesabat verir, özünün məsul sabahlara qanadlandırır.
2025-ci il ölkəmizdə həm də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinin qeyd olunması ilə əlamətdardır. Həm AMEA-nın yubileyi, həm də milli mətbuatımızın 150 illiyi ölkəmizin intellektual və ictimai-mədəni inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Bunu nəzərə alan Prezident İlham Əliyev bu il martın 18-də “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” da sərəncam imzalamışdır. AMEA-nın 80 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsini təmin etmək məqsədilə AMEA Rəyasət Heyətinin qərarı ilə komissiya yaradılmış və tədbirlər planı müəyyən edilmişdir.
Bu istiqamətdə qəbul edilən qərarlar AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin qarşısına da mühüm, daha məsuliyyətli vəzifələr qoymuşdur. Şöbəmiz dövri nəşrlər sektoru və elektron informasiya sektoru olmaqla, bir neçə istiqamətdə fəaliyyət göstərir. Burada AMEA-nın ölkə və beynəlxalq səviyyəli nüfuzlu elmi qurumlarla əməkdaşlığı və elm sahəsində birgə fəaliyyətin təşkili, Akademiyanın institut və təşkilatlarının ictimaiyyətlə əlaqələrinin qurulması, AMEA-nın ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə münasibətlərinin təşkili, Akademiyanın tədbirlərində yerli və xarici KİV nümayəndələrinin iştirakının təmini istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu fəaliyyətlər çərçivəsində azərbaycançılıq ideologiyasının təbliği, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik ənənələrinin yaşadılması da mühüm yer tutur.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin fəaliyyətinə xüsusi önəm verir, şöbənin həyata keçirdiyi tədbirləri daim diqqət mərkəzində saxlayır. AMEA prezidentinin bilavasitə rəhbərliyi ilə müasir dünya reallıqlarına və ölkə Prezidentinin çağırışlarına əsaslanan yeniləşmə prosesləri və islahatlar, humanitar və ictimai elmlər sahəsinin inkişafı istiqamətində əldə olunan nailiyyətlər, mühüm elmi nəticələr, Akademiyanın beynəlxalq əlaqələri və s. AMEA-nın media orqanları vasitəsilə hərtərəfli şəkildə işıqlandırılır, cəmiyyətdə böyük maraq doğurur.
Bundan başqa, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və qurumun digər rəhbər şəxslərinin mediada çıxışlarını, mətbuat konfranslarını, ictimaiyyətlə görüşlərini təşkil etmək, əlaqələndirmək, AMEA-nın prezidentinin, vitse-prezidentlərin, institut və müəssisə direktorlarının işgüzar xarakterli səfər və görüşlərini ictimaiyyətə çatdırmaq da şöbənin fəaliyyət istiqamətlərinə daxildir.
Azərbaycanın ilk veb-saytı olan science.gov.az isə 1995-ci ildən fəaliyyət göstərir. 30 yaşını qeyd edən science.gov.az ölkəmizdə elmi jurnalistikanın inkişafında müstəsna xidmət göstərib. Azərbaycan, rus və ingilis dillərində yayımlanan portal haqlı olaraq müasir dövrün elektron “Əkinçi”si hesab olunur. Ölkəmizdə elm sahəsində həyata keçirilən dövlət siyasətinin əsas informasiya mənbəyi kimi dövlətin elm sahəsindəki strateji siyasətini və bu istiqamətdə atılan mühüm addımları ictimaiyyətə ötürür. Burada AMEA-nın institut və təşkilatlarının fəaliyyətinə dair analitik məqalələr, mühüm elmi nailiyyətlər, müxtəlif səpkili tədbirlər işıqlandırılır.
Bundan əlavə, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi elmin təbliği istiqamətində müxtəlif multimedia imkanlarından istifadə edir. Şöbənin tabeliyində olan Yutub kanalı, Feysbuk səhifəsi, “X” platforması daim yenilənir, əhatə dairəsi genişləndirilir və beynəlxalq arenaya çıxış imkanları artırılır.
“Elm TV” vasitəsilə aparıcı alim və ziyalılar, gənc tədqiqatçılarla müsahibələr yayımlanır, onlar cəmiyyətə tanıdılır, mühüm elmi nəticələr və beynəlxalq əməkdaşlıq əlaqələrinə dair məlumatlar işıqlandırılır. İnteraktiv formatda təqdim olunan video-müsahibələr və elm sahəsində baş verən dəyişikliklərə dair hazırlanmış süjetlər, elmi biliklərin vizual və daha cəlbedici formada çatdırılmasına imkan yaradır. Bu da cəmiyyətin elmə marağının artırılmasına, elmi biliklərin geniş auditoriyaya təqdim olunmasına xidmət edir.
Hazırda şöbənin hazırladığı “Elm və həyat” elmi-populyar jurnalı isə 1961-ci ildə təsis olunub. Fəaliyyət göstərdiyi 65 il ərzində jurnal Azərbaycan elminin tanıdılmasında, elmi biliklərin geniş ictimaiyyətə çatdırılmasında böyük rol oynamışdır. Jurnal bu gün də Azərbaycanın tarixi, ədəbiyyatı, etnoqrafiyası, eyni zamanda fizika, kimya, astronomiya, kibernetika və s. elm sahələrinə aid yeni məlumatları, əldə edilmiş mühüm elmi nəticələri, dünya elmi yeniliklərini, müxtəlif elm sahələrinə aid tədqiqat materiallarını oxuculara təqdim edir.
AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” (“Наука”, “Science”) qəzeti də nəşrə başladığı 1984-cü ildən elmin təbliği istiqamətində və elm ictimaiyyəti ilə cəmiyyət arasında intellektual körpü rolunu uğurla yerinə yetirir. Azərbaycan, rus və ingilis dillərində işıq üzü görən nəşrdə Akademiyanın müxtəlif institutlarında və elmi müəssisələrində əldə olunan elmi-tədqiqat nəticələri, ixtiralar və digər yeniliklər haqqında məlumatlar verilir. Görkəmli alimlərlə müsahibələr, onların elmi irsi və fəaliyyəti barədə məqalələr, eyni zamanda tanınmış alimlərin həyat və yaradıcılıq yolu ilə bağlı materiallar yer alır.
Azərbaycan mətbuatının 150 illik yubileyi ərəfəsində əminliklə deyə bilərik ki, Azərbaycan Milli Elmlər Akademiyasının mətbu orqanları da bu sahənin inkişafına əhəmiyyətli töhfələr verir. AMEA-nın mətbu nəşr və informasiya yayım fəaliyyəti təkcə elmin təbliği ilə məhdudlaşmır, eyni zamanda milli mətbuatın peşəkarlaşması, intellektual məzmunla zənginləşməsi və cəmiyyətin maariflənməsi istiqamətində mühüm rol oynayır. Bu mənada AMEA-nın media təmsilçiləri olaraq biz də milli mətbuatımızın yubileyini qürurla qeyd edirik.
Şöbəmizin əməkdaşlarından İlham Alıyev, Nərgiz Qəhrəmanova, Qaliyə Əliyeva, Nəzmin Cəfərova, Ruslan Kərimov, Sərvan Kərimov, Şamama Qəhrəmanova, Leyli Namiqqızı, Reyhan Məcidli, Aqil Məhərrəmov, Fərid Həşimov, Xaqani Rzaquliyev, AMEA-nın institut və təşkilatlarının ictimaiyyətlə əlaqələrə məsul şəxslərindən Vüsalə Rafiqqızı, Vüqar Məmmədov, Gülnar Səma, Sevda Mehrəliyeva, Mina İbrahimova, Zakir Muradov və başqaları bu gün Azərbaycanda elmi jurnalistikanın fəal nümayəndələri kimi tanınırlar.
AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi olaraq bundan sonra da böyük inamla fəaliyyətimizi davam etdirmək, elmin təbliği, elmi biliklərin cəmiyyətə çatdırılması və elm ilə ictimaiyyət arasında sağlam informasiya körpüsünün qurulması istiqamətində səylərimizi daha da gücləndirmək əzmindəyik.
Ağahüseyn ŞÜKÜROV,
AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, dosent