AZ

Kardioloq: Fiziki passivlik, artıq çəki, duzlu qidalar, siqaret və alkoqol hipertoniya riskini artırır

Bakı, 21 iyul, AZƏRTAC

Arterial hipertoniya (yüksək qan təzyiqi) qan damarlarının divarlarına göstərilən təzyiqin normadan artıq olması ilə xarakterizə edilən bir haldır. Qan təzyiqi iki göstəricidən ibarətdir: sistolik (yuxarı) və diastolik (aşağı). Normal göstərici 120/80 millimetr civə sütunu hesab olunur. Əgər təzyiq 130/80 milloimetr civə sütunu və ya daha yüksəkdirsə, bu artıq hipertoniya sayılır.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun kardioloqu Tünzalə Seyidəliyeva deyib.

Mütəxəssis bildirib ki, hipertoniya ürək, beyin, böyrəklər və digər orqanlar üçün ciddi fəsadlar yarada bilər. Müalicə edilmədikdə, infarkt, insult, böyrək xəstəlikləri və digər həyati təhlükəli hallara səbəb ola bilər. Əlamətləri bəzən hiss olunmadığından təzyiqi müntəzəm ölçmək vacibdir. “Hipertoniya üç mərhələdə təsnif edilir. Birinci mərhələ (yüngül): 130–139/80–89 millimetr civə sütunu, ikinci mərhələ (orta): 140–159/90–99 millimetr civə sütunu, üçüncü mərhələ (ağır): 160/100 millimetr civə sütunu və daha yuxarı. Əksinə, hipotoniya zamanı təzyiq 90/60 millimetr civə sütunundan aşağı olur. Hər iki vəziyyətin yaranmasına yaş, genetika, həyat tərzi, xroniki xəstəliklər və digər amillər təsir edir. Hipertoniyaya ən çox yaşlılarda rast gəlinir. Yaş artdıqca damarların elastikliyi azalır, bu da təzyiqin yüksəlməsinə gətirib çıxarır. Xüsusilə yaşı 60-dan yuxarı olanlar risk qrupundadır. Bununla belə, 40-60 yaş arası insanlar da risk altındadır. Burada düzgün olmayan qidalanma, fiziki passivlik, stres, siqaret, spirtli içkilər və irsiyyət əsas rol oynayır. Hətta 30 yaşdan aşağı şəxslərdə, xüsusilə ailə üzvlərində hipertoniya olanlarda və sağlam olmayan həyat tərzi keçirənlərdə də bu hal qeydə alınır. Hipertoniya əsasən iki formada olur. Birincili (əsas) hipertoniya ən geniş yayılmış növdür. Əsas səbəbi bilinmir, lakin genetik meyillilik, yaş, qeyri-sağlam həyat tərzi kimi faktorlarla bağlıdır. İkincili hipertoniya isə konkret bir xəstəlik və ya vəziyyətlə əlaqəlidir. Məsələn, böyrək problemləri, hormonal pozğunluqlar (tiroid, adrenal və ya hipofiz bezləri ilə bağlı), yuxu apnesi və ya bəzi dərman preparatlarının istifadəsi nəticəsində yaranır. Fiziki passivlik, artıq çəki, duzlu qidalar, siqaret və alkoqol da hipertoniya riskini artıran amillərdir”, - deyə Tünzalə Seyidəliyeva qeyd edib.

Kardioloqun sözlərinə görə, təzyiqi evdə ölçmək mümkündür və bu, təzyiqin effektiv nəzarətində vacib rol oynayır. Ən çox istifadə olunan üsul avtomatik qan təzyiqi ölçən cihazlardır. Xüsusilə qolda ölçən cihazlar daha dəqiq nəticə verir.

Mütəxəssis deyib ki, təzyiqi ölçərkən aşağıdakı qaydalara əməl etmək vacibdir:

- Ölçmədən əvvəl 5 dəqiqə sakit oturun;

- Siqaret, qəhvə və ya fiziki fəaliyyət ölçmədən əvvəl olmamalıdır;

- Qol səviyyəsində və rahat vəziyyətdə oturaraq ölçün;

- Hər iki qoldan ölçməyi və nəticələri müqayisə etməyi tövsiyə edirik;

- Həftədə bir neçə dəfə ölçmək faydalıdır, lakin yüksək təzyiq hallarında gündəlik nəzarət daha doğrudur.

Tünzalə Seyidəliyeva vurğulayıb ki, hipertoniya diaqnozunun qoyulmasında əsas amil təzyiqin mütəmadi ölçülməsidir. Adətən üç fərqli gündə, müxtəlif saatlarda ölçmələr aparılır. Çünki təzyiq birdəfəlik ölçmə ilə səhv nəticə verə, stres və ya mühit təsirindən müvəqqəti yüksək ola bilər. Ev şəraitində ölçmələrə əlavə olaraq, həkim tərəfindən 24 saatlıq ambulator monitorinq (Holter monitorinq) də təyin oluna bilər. Bu, gün ərzində təzyiqin necə dəyişdiyini izləməyə imkan verir. Bundan əlavə, aşağıdakı müayinələr aparılır:

- Qan və sidik analizləri – hipertoniya səbəblərini və digər xəstəlikləri müəyyənləşdirmək üçün;

- EKQ – ürəkdə hipertoniya nəticəsində yaranan dəyişiklikləri aşkar etmək üçün;

- Exokardioqrafiya (ürək USM) – ürək divarlarında qalınlaşma və digər dəyişiklikləri görmək üçün;

- Böyrək funksiyası testləri – böyrəklərlə bağlı problemlər təzyiqi artıra bildiyi üçün.

Kardioloq deyib ki, ümumiyyətlə, hipertoniya ciddi nəzarət tələb edən bir xəstəlikdir. Onun vaxtında aşkarlanması və müalicəsi sağlam həyatın əsas şərtidir.

 

Seçilən
162
50
azertag.az

10Mənbələr