AZ

"Şokolad, çay, alma və üzüm: Təbii yolla təzyiqlə mübarizə" - Elmi tədqiqat

"Sadə bir fincan çay və ya bir alma ilə siz həm sağlamlığınızı qoruya, həm də dərmansız ürəyinizi sevindirə bilərsiniz..."

Yeni genişmiqyaslı elmi tədqiqat sübut edib ki, bəzi bitki mənşəli maddələr, xüsusilə flavanollar yüksək qan təzyiqini azaltmaqda dərmanlarla müqayisə oluna biləcək gücə malikdir.

Moderator.az xəbər verir ki, bu barədə "Walla" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, flavanollar tərkibi şokoladda, çayda, almada və üzümdə olan təbii birləşmələrdir və ürək-damar sağlamlığı üçün ciddi müsbət təsir göstərir.

Tədqiqatın detalları və nəticələri

Alimlər 5200-dən çox insanın iştirak etdiyi 145 fərqli klinik araşdırmanın nəticələrini təhlil edib. Onlar flavanol baxımından zəngin olan qidaların, məsələn, kakao, süd, üzüm, alma və çayın qan təzyiqi və damarların fəaliyyəti üzərində təsirini öyrənib. Orta hesabla iştirakçılar gündə təxminən 586 mq flavanol qəbul edib. Bu, təxminən: 2-3 fincan çay, 1-2 porsiya tünd şokolad, 2 xörək qaşığı kakao və ya 2 alma deməkdir.

Nəticələr gözləniləndən daha təsiredici olub: sistolik təzyiq (yuxarı göstərici) orta hesabla 2, 8 vahid, diastolik təzyiq (aşağı göstərici) isə 2, 0 vahid aşağı düşüb. Ən maraqlısı isə odur ki, təzyiqi əvvəldən yüksək olan insanlarda bu göstəricilər daha da yaxşılaşıb: sistolik təzyiqdə 6-7 vahid, diastolik təzyiqdə isə 4 vahid azalma müşahidə olunub. Bu göstəricilər bəzi təzyiq dərmanlarının təsirinə bərabərdir və infarkt və insult riskini xeyli azaldır.

Damarlar üçün də faydalıdır

Araşdırma onu da göstərib ki, flavanollar qan damarlarının genişlənmə qabiliyyətini artırır. Bu da orqanizmin daha yaxşı qan dövranı və təzyiq tənzimlənməsi ilə təmin olunması deməkdir. Hətta təzyiqi normal olan insanlarda belə bu müsbət effekt müşahidə olunub.

Flavanollar nədir və harada var?

Flavanollar təbiətdə olan, bitkilərə rəng və müdafiə qabiliyyəti verən flavonoidlər ailəsinə aid maddələrdir. Onlar həm də insan sağlamlığı üçün son dərəcə faydalıdır.

Flavanolla zəngin qidalar bunlardır: kakao və tünd şokolad, yaşıl və qara çay, üzüm və qırmızı şərab, alma və armud, giləmeyvələr (moruq, böyürtkən, qaragilə və s.). Təqdiqat göstərir ki, flavanolları təbii qidalardan almaq süni əlavələrdən daha faydalı və təhlükəsizdir.

Gündəlik tövsiyə olunan miqdar (təqribən 500-600 mq): 2-3 fincan yaşıl və ya qara çay; 1-2 porsiya (təqribən 56 qram) tünd şokolad, 2-3 xörək qaşığı kakao, 2-3 alma, üzüm, armud və giləmeyvələr.

Kiçik addımlar, böyük dəyişikliklər:

Şirin qəlyanaltı əvəzinə alma və tünd şokolad seçin; hündə bir əlavə fincan çay için; südlü şokoladını tünd şokoladla əvəz edin; kakao tozunu smuziyə və ya sıyığa əlavə edin. Ən önəmlisi isə odur ki, bu cür qidaların yan təsiri demək olar ki, yoxdur. Əgər nəsə baş verərsə də, adətən yüngül həzm problemləri ilə məhdudlaşır.

Kimlər üçün faydalıdır?

Flavanolların ən böyük təsiri yüksək təzyiqi olan insanlarda müşahidə olunur. Amma təzyiqi normal olanlarda da qan damarlarının fəaliyyəti yaxşılaşır, bu da profilaktik olaraq ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir.

Vacib qeydlər:

Flavanollar bütün dərmanların əvəzi deyil

  •  Xüsusilə şəkərli diabetli insanlarda əlavə araşdırmalar aparılmalıdır
  •  Ev şəraitində təzyiqi ölçmək effektin dəyərləndirilməsi üçün vacibdir
  •  Effekt ən çox sağlam həyat tərzi ilə birlikdə hiss olunur.

Təzyiqinizi aşağı salmaq üçün ilk addım bəlkə də aptekdən yox, mətbəxinizdən başlayır. Sadə bir fincan çay və ya bir alma ilə siz həm sağlamlığınızı qoruya, həm də dərmansız ürəyinizi sevindirə bilərsiniz.

Seçilən
70
21
moderator.az

10Mənbələr