AZ

XVIII Avropa Yay Gənclər Olimpiya Festivalının açılış mərasimi keçirilib - FOTOLAR

Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində XVIII Avropa Yay Gənclər Olimpiya Festivalının açılış mərasimi keçirilib.Milli Olimpiya Komitəsindən SİA-ya bildirilib ki, Yan Sandanski İdman Mərkəzində Şimali Makedoniya prezidenti Qordana Silyanovska-Davkova, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos və digər Olimpiya komitələrinin rəhbər şəxslərinin iştirakı ilə keçirilən tədbir idmançıların paradı ilə başlayıb.

Azərbaycan idmançıları paradda dördüncü sırada yer alıblar. Üçrəngli bayrağımızı cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının və üç dəfə Avropa Kubokunun qalibi Zeyd Ələsgərov və taekvondo üzrə iki dəfə Türkiyə açıq birinciliyinin qalibi Humay Dadaşova daşıyıb.

Skopyedəki açılış mərasimi ilə yanaşı, yarışların keçirildiyi digər ölkədə - Xorvatiyanın Osiek şəhərində də açılış mərasimi təşkil olunub. Mərasimdə bayraqdarımız idman gimnastımız Rafael Həsənov olub.

“Skopye-2025”ə həsr olunmuş videoçarxın nümayişindən sonra Şimali Makedoniyanın bayrağı arenanın mərkəzinə gətirilib və Dövlət Himni səsləndirilib.

Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos bildirib ki, Avropa Gənclər Olimpiya Festivalı idmanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Məhz bu yarışlarda fərqlənən idmançılar sonradan böyük idman yarışlarında, xüsusilə Olimpiya Oyunlarında öz ölkələrini təmsil edirlər.

Şimali Makedoniyanın prezidenti Qordana Silyanovska-Davkova da festival iştirakçılarına uğurlar arzulayıb. O, bir həftə ərzində gənc idmançıların qələbə naminə apardıqları gərgin mübarizənin şahidi olacaqlarını vurğulayıb.

Qordana Silyanovska-Davkova çıxışının sonunda XVIII Avropa Gənclər Yay Olimpiya Festivalını rəsmi olaraq açıq elan edib. Sonra Avropa Olimpiya komitələrinin bayrağı qaldırılıb.

Ardınca “Skopye-2025”in sülh və həmrəylik məşəlinin alovlandırılmasından bəhs edən videoçarx nümayiş etdirilib. 4 mindən artıq azarkeşin arenadan birbaşa izlədiyi açılış mərasimində oyunların məşəli alovlandırılıb.

Sonra Avropa Olimpiya komitələrinin bayrağı qaldırılıb. Könüllülər, idmançılar, hakimlər və məşqçilər adından and içilib.

Qeyd edək ki, iyulun 20-dən 26-dək təşkil olunacaq budəfəki festival əvvəlkilərdən fərqli olaraq iki ölkədə - Şimali Makedoniyanın paytaxtı Skopye və Kumanovo şəhərlərində, həmçinin Xorvatiyanın Osiek şəhərində keçiriləcək.

Avropanın 50 ölkəsindən 4 mindən çox idmançının iştirak edəcəyi “Skopye-2025”də 14-18 yaş arası idmançılar 15 idman növü üzrə mübarizə aparacaqlar.

Festivalda Azərbaycan komandası ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq.

İdmançılarımızın 12-si (6 oğlan, 6 qız) cüdo, 9-u (6 oğlan, 3 qız) atletika, 8-i (5 oğlan, 3 qız) taekvondo, 6-sı (3 oğlan, 3 qız) şose velosipedi, 2-si (1 oğlan, 1 qız) dağ velosipedi, 5-i (3 oğlan, 2 qız) üzgüçülük, 4-ü (1 oğlan, 3 qız) idman gimnastikası, 2-si (1 oğlan, 1 qız) badminton, 2-si (1 oğlan, 1 qız) atıcılıq, 2-si (1 oğlan, 1 qız) isə stolüstü tennis yarışlarında iştirak edəcək.

Festivalda badminton üzrə fərdi yarışlarda və atıcılıq növündə birinci yeri tutan idmançılar 2027-ci ildə keçiriləcək IV Avropa Oyunlarına birbaşa lisenziya qazanacaqlar.

Seçilən
30
15
sia.az

10Mənbələr