Azərbaycan Beynəlxalq Bankının (ABB) kart istifadəçiləri onlayn əməliyyatlarda tətbiq olunan limitlərin qoruyucu rolunu tam təmin etməməsindən narazılıqlarını bildirirlər.
AzPost xəbər verir ki, istifadəçilər kartlarında vəsait bloklandığı və ya onlayn əməliyyatlara limit qoyulduğu halda belə, dələduzların vəsaiti mənimsəyə bilməsindən narahatdırlar.
Şikayətçilərdən biri Asim Məmmədli bildirir ki, onlayn əməliyyatlara 2 AZN limit qoyulmasına baxmayaraq, kart balansı mənfi 203,56 AZN-ə düşüb. Bank operatorları isə limitin ödənişlərin qarşısını almaq üçün nəzərdə tutulduğunu bildirir, lakin real praktikada bu limitin qorunmadığı müşahidə olunur.
Müştəri hesab edir ki, limit qoyulsa belə, sistemdə boşluqlar olduğundan, bir dəfə böyük məbləğdə vəsait çıxıla bilir. Bu isə kart sahiblərinin vəsaitinin təhlükəsizliyinə ciddi təhlükə yaradır. Onun sözlərinə görə, məsələnin həlli üçün bankın aydın və effektiv qoruma mexanizmi yaratması zəruridir.