Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə yunan-Roma güləşində Azərbaycan millisinin bir neçə üzvü mübarizə aparıb.
60 kiloqramda Nihat Məmmədli koreyalı Seunqhak Kimə (9:0), özbəkistanlı Mehrac Bəhramova (4:0) və serbiyalı Georgi Tibilova (3:2) qalib gələrək, finala yüksəlib. Nihat həlledici görüşdə hindistanlı Sumit Sumit üzərində inamlı qələbə (5:1) qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu çəkidəki digər təmsilçimiz İlkin Qurbanov 1/8 finalda qazaxıstanlı Qalim Kabdunassarova müqavimət göstərə bilməyib – 1:9.
63 kiloqramda Ziya Babaşov təsnifat mərhələsində özbəkistanlı Asiya çempionu və dünya üçüncü İslamcan Bəhramova sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.
Fərid Xəlilov (67 kq) koreyalı Byeonqqi Seonu (6:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda gürcüstanlı dünya və Avropa çempionu Leri Abuladzeyə ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.
77 kq-da Sənan Süleymanov serbiyalı Aleksa İliçə (4:0) və moldovalı Aleksandrin Qutuya (8:0), özünü ilk dəfə bu çəkidə sınayan Ülvü Qənizadə isə xorvatiyalı Antonio Kamenyaseviçlə (1:1) koreyalı Hyeonjin Kanqa (3:3) qalib gələrək 1/4 finala yüksəliblər. Milli üzvləri bu mərhələdə qarşılaşmalı olsalar da, Ülvü xalçaya çıxmayıb və Sənan yarımfinala vəsiqə qazanıb. Süleymanov finalın bir addımlığında rusiyalı Sergey Kutuzova (6:8), bürünc medal görüşündə isə macarıstanlı Levente Levaya (2:3) məğlub olub.
82 kiloqramda Qurban Qurbanov zədələndiyi üçün təsnifat mərhələsində moldovalı Mixail Bradu ilə görüşə çıxmayıb və yarışdan çəkilib.
Murad Əhmədiyev (97 kq) türkiyəli Abdulkadir Çebiyə (3:1), serbiyalı Uros Krstinə (9:0) və gürcüstanlı Giorgi Katsanaşviliyə (8:0) qalib gələrək yarımfinala adlayıb. Murad yarımfinalda gürcüstanlı Giorgi Meliaya 1:5 hesabıyla uduzub. Ancaq bürünc medal uğrunda mübarizədə rusiyalı İliya Yermolenkodan güclü olub – 8:4.
Onunla eyni çəkidə dübarizə aparan Arif Niftullayev hindistanlı Niteş Niteşə (9:0) və qazaxıstanlı Yussuf Matsiyevə (2:2) qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Giorgi Meliaya (tuş), təsəlliverici görüşdə isə rusiyalı İliya Yermolenkoya (3:3) məğlub olub.
Beləliklə, son yarış günündə “klassiklərimiz” 1 qızıl və 1 bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli ilin son reytinq yarışını 4 medalla başa vurub. Xatırladaq ki, ötən gün Ruslan Nurullayev (72 kiloqram) və İslam Abbasov (87 kiloqram) üçüncü yeri tutub.