Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi ““Zəfərin uşaqları ilə Oxu Marafonu” – Şimal bölgəsi məktəblilərinin mütaliə yarışı” layihəsinin təqdimatı keçirilib.
Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində baş tutan tədbirdə ANAİB İdarə Heyətinin sədri Şəmil Sadiq, layihənin təlimçisi “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy, eksperti “Qədim Qala Nəşriyyatı”nın direktoru Şöhlət İxtiyaroğlu, “Mayak” nəşriyyatının rəhbəri Sadiq Babazadə, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Məmmədşah İsrafilov, eləcə də marafonda iştirak edən məktəblərin direktorları – Sevil Allahverdiyeva, Lalə Bədəlova, Kəmalə Sadıxova, Günel Hacıyeva, Lalə İsrafilova, Nigar Ələkbərli və kitabxana müdirləri – Ədiləxanım Rzayeva, Səadət Talıbova, Luiza Ağabəyova, Təranə Bağışova Aygün Yusifli, Güllüzar Bağırova iştirak edib.
Bu layihənin tərəfdaşları Təhsil, mədəniyyət və icra qurumları 30-a yaxın nəşriyyat, ADPU-nun Quba filialı, Qafqaz TV, Quba İş Adamlarına Dəstək Platforması, MUSİAD Azərbaycan və digər təşkilatlardır.
“Zəfərin uşaqları ilə Oxu Marafonu” – Şimal bölgəsi məktəblilərinin mütaliə yarışı” layihəsinin məqsədi Quba, Qusar və Xaçmaz rayonlarında yerləşən məktəblərin şagirdləri arasında oxu marafonu təşkil etməkdir. Bu mənada hər rayondan iki fəal məktəb layihəyə cəlb edilib. Bunlar Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbi, Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəbi, Qusar şəhər Tofiq İsmayılov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbi, Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi, Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbi, Əzizəddin Tahirov adına Köhnə Xaçmaz kənd tam orta ümumtəhsil məktəbidir. Tədbirdə direktor və kitabxanaçılara layihə barədə geniş məlumat verilib, onların sualları cavablandırılıb. Layihə üçün seçilmiş 5 kitabın hərəsindən 15 ədəd həmin məktəbin kitabxanasına hədiyyə edilib. Əziz Sultanın “Mübariz Olmaq”, Arif Əliyevin “Yalama”, Şəmil Sadiqin “Zəfər yolu”, Rövşən Abdullaoğlunun “Mən yeməli deyiləm” və Əzizə Cəfərzadənin “Anamın nağılları” əsərləri layihə boyu oxunulacaq kitablardır.
Məlumat üçün qeyd edək ki, hər məktəbdən 10-15 yaşlı 50 şagird marafona cəlb edilib. Şagirdlər 18 iyul – 15 oktyabr tarixlərində marafon üçün seçilmiş əsasən milli vətənpərvərlik ruhunda olan kitabları oxumalı, 15 – 30 oktyabr tarixlərində təşkil olunacaq imtahanda iştirak etməlidirlər. İmtahanda ən çox bal toplayan ilk 10 şagird müxtəlif pul mükafatı və hədiyyələrlə mükafatlandırılacaq. Mükafatlandırılma mərasimi 31 oktyabr – 2 noyabr tarixlərində Quba şəhərində təşkil olunacaq kitab festivalında keçiriləcək. Bu mərasimdə həmçinin lahiyədə aktivlik göstərən müəllim və kitabxanaçılar da təltif olunacaqlar.
Layihəyə eyni zamanda hər məktəbdən 18 müəllim və bir kitabxanaçı cəlb olunacaq. Müəllimlərlə geniş tərkibli görüş 1 – 5 sentyabr tarixinə planlaşdırılır. Seçilmiş məktəblərin müəllim və kitabxanaçı heyətinə layihənin məqsəd və fəaliyyət planı barədə geniş məlumat veriləcək, onlar üçün məktəbdə kitab oxuma vərdişlərinin və bunun vasitəsilə vətənpərvərlik hisslərinin aşılanması, kitab müzakirələrinin düzgün təşkil olunması və oxuyub-anlama mövzusunda 6 saatlıq təlim təşkil olunacaq.
Qeyd edək ki, layihənin ayrılmaz hissəsi olan kitab festivalında 30-dan çox nəşriyyat və kitab mağazası, 50-yə yaxın yazıçı və ziyalının iştirakı təmin ediləcək.



