AZ

Ermənistandakı seçkilərə qədər hər iki tərəfin Zəngəzur yolunun açılması istiqamətində çalışması daha məqsədəuyğundur...”

“Paşinyan 200 illik erməni düşmənçiliyindən sonra Türkiyə ilə Ermənistan arasında yeni bir mərhələ başlatdı...”
 
Azad Vətən Partiyasının sədri Akif Nağı Moderator.az əməkdaşının "Ermənistan baş naziri Nikol Paşinyanın  Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimalı artdımı?” sualına cavab verərkən bildirib ki, Paşinyanın Ərdoğanla görüşü çox vacib və tarixi, demək olar ki, epoxal bir hadisə oldu. Akif Nağı, 200 illik erməni düşmənçiliyindən sonra Ermənistan baş nazirinin Türkiyə ilə Ermənistan arasında yeni bir mərhələnin başlatdığını vurğulayıb.
 
“Paşinyan Türkiyə prezidenti ilə rəsmi şəkildə görüşüb və bu görüş bir çox məsələlər üzrə müzakirələrin aparılmasına şərait yaradıb. Həmin danışıqların ruhuna uyğun olaraq Paşinyan Ermənistana qayıtdıqdan sonra daxildə kilsə, rusiyaya bağlı oliqarxlar və digər qüvvələrlə bağlı müəyyən addımlar atmağa başladı. Bu da onun verdiyi sözlərə əməl etdiyini göstərir ki, bu, ermənilər üçün nadir hallarda müşahidə olunan bir davranışdır,” – deyə Akif Nağı bildirib.
 
Partiya sədri qeyd edib ki, Paşinyan özü də bu görüşlərə böyük hazırlıqla gəlib və ciddi məsələlərin müzakirə edildiyini təsdiq edib. “Ərdoğan, kimsəni sadəcə olaraq qəbul etməz. Burada strateji, fundamental məsələlər müzakirə olunub ki, həm Azərbaycan, həm də Türkiyə üçün vacib olan məsələlərə həll tapılsın.”
 
Akif Nağı Ermənistan ilə Azərbaycanın münasibətlərinin normallaşması üçün danışıqların artıq başa çatdığını və tərəflərin müqavilənin imzalanması üçün doğru məqamı gözlədiyini söyləyib. "Azərbaycan tərəfi bu məsələni rəsmi şəkildə təsdiq edib və artıq hər şey hazırdır. İndi yalnız bir məqamı gözləyirik – hansı dövrün daha münasib olduğuna qərar veriləcək," – deyə o əlavə edib.
 
Siyasətçi sülh sazişinin imzalanması məsələsinin seçkilər ərəfəsində və ya indidən həyata keçirilməsinin müzakirə olunduğunu vurğulayıb. Lakin o, müqavilənin seçkilərdən əvvəl imzalanmasının Paşinyanın mövqeyinə mənfi təsir edə biləcəyini qeyd edib: "Seçkilər ərəfəsində bu cür bir sənədin imzalanması əks reaksiyalar doğura bilər və erməni cəmiyyətində gözlənilməz və kəskin etirazlar yarada bilər."
 
Akif Nağı belə bir vəziyyətin qarşısını almaq üçün daha ehtiyatlı yanaşmanın lazım olduğunu bildirib: 
 
"Fikrimcə, seçkilərə qədər sülh sazişinin imzalanması risklidir. Bu səbəbdən, sülh müqaviləsinin imzalanması daha sonra həyata keçirilə bilər."
 
Partiya sədri Zəngəzur dəhlizinin də sülh prosesində mühüm rol oynadığını vurğulayıb. O, Zəngəzur dəhlizinin açılması ilə bağlı atılacaq addımların həm Azərbaycan, həm də Ermənistan üçün vacib olduğunu bildirib: 
 
“Bu məsələ ilə bağlı addımlar yavaş-yavaş atılmalıdır ki, cəmiyyət qıcıqlanmasın. Zəngəzur dəhlizinin açılması yalnız bölgə üçün deyil, bütün region üçün mühüm əhəmiyyət kəsb edir.”
 
Akif Nağı son olaraq Ermənistanın öz maraqlarını qorumaqla beynəlxalq aləmdə yerini tapmasının vacibliyini qeyd edib: 
 
"Ermənilər də dünyada gələcəyini təmin etmək üçün bu proseslərdən faydalanmalıdır. Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycan üçün deyil, həm də Ermənistan üçün sərfəlidir. Ona görə də hesab edirəm ki, həm Azərbaycan, həm də Ermənistan tərəfinin yaxın vaxtlar üçün, yəni ən azından Ermənistandakı seçkilərə qədər Zəngəzur yolunun açılması istiqamətində ciddi nəticələrə nail olmağa çalışması daha məqsədə uyğundur..."
 
Sultan Laçın
 
Seçilən
59
50
moderator.az

10Mənbələr