“Fiorentina”nın italiyalı qapıçısı Pyetro Terraççano bundan sonra İtaliyanın digər klubu “Milan”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Milan”ın rəsmi saytına istinadən xəbər verir.
Sözügedən klub 35 yaşlı qolkiperi azad agent kimi heyətinə qatıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb. Terraççano yeni komandasında ehtiyat qapıçı kimi heyətdə yer alacaq.
Pyetro Terraççano İtaliyanın “Avellino” klubunun yetirməsidir. O, karyerası ərzində “Noçerina”, “Milasso”, “Kataniya”, “Salernitana”, “Empoli” kimi klubların da şərəfini qoruyub. Təcrübəli qapıçı 2019-cu ildən “Fiorentina”da çıxış edirdi. Terraççano ötən mövsüm bu komandanın heyətində bütün yarışlarda 10 matça çıxıb, qapısından 15 qol buraxıb.
Pyetronun “Fiorentina” karyerası bütövlükdə 156 oyundan ibarətdir. O, bu görüşlərdə 185 qol buraxıb, 43 görüşdə qapısını toxunulmaz saxlayıb.
“Transfermarkt” internet-portalı 35 yaşlı qapıçının transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.