“Fənərbaxça” fanatları üçün xoş xəbər var.
"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi iyulun 1-dən Türkiyəyə gətirdiyi və danışıqlar apardığı “Əl-Nəssr”in kolumbiyalı forvardı Con Duranla, nəhayət, razılıq əldə olunduğunu açıqlayıb. İstedadlı futbolçu qarşıdakı mövsümü icarə əsasında “Fənər”də keçirəcək. Müqavilədə onun daimi əsasda transferi ilə bağlı heç bir maddə yoxdu. Yəni mövsüm tamamlanandan sonra Duran Səudiyyə Ərəbistanına qayıtmalı olacaq. Transferin şərtlərinə gəlincə, maraqlıdı ki, “Fənər” tərəfindən bununla bağlı heç bir rəsmi məlumat verilməyib. Ancaq Türkiyə və Avropa mətbuatında ortaya atılan iddialar fərqlidi.
Türkiyə mətbuatının iddiasına görə, “Fənər” “Əl-Nəssr”ə icarə haqqı kimi 15 milyon avro, futbolçunun menecerləri – Sofian Benkheyl və Conatan Erreranın hər birinə 3 milyon avro ödəyəcək. Duranın illik 20 milyon avroluq maaşı isə “Əl-Nəssr” tərəfindən ödənilməkdə davam edəcək. Amma Avropa mətbuatının və insayder Fabritsio Romanonun xəbərinə görə, Duranın illik maaşı bütövlükdə “Fənərbaxça” tərəfindən ödəniləcək! Bundan başqa, ərəblərə 2,4 milyon avro icarə haqqı veriləcək.
Peşəkar karyerasına Kolumbiya təmsilçisi “Enviqado”da başlayan Duran daha sonra “Çikaqo Fayr”da forma geyib və 2023-cü ildə “Aston Villa”ya yollanıb. Futbol dünyası onu məhz İngiltərədə tanımağa başlayıb. Birmingem klubunda adından söz etdirən 21 yaşlı hücumçu ötən mövsümün qış fasiləsində gözlənilmədən 77 milyon avroya Səudiyyə Ərəbistanına yollandı. Amma yeni klubu ilə 2030-cu ilə qədər müqavilə imzalayan Kolumbiya yığmasının üzvü, göründüyü kimi, Kriştiano Ronaldonun yanında çox qalmadı. Səudiyyə Ərəbistanı mətbuatındakı yazılara inansaq, Duran bu ölkədə bir sıra şəxsi problemlər yaşayıb. Məsələn, burda o, sevdiyi xanımla yaşaya bilmirdi. Çünki ölkənin qanunlarına görə kirayə evdə xanımla birlikdə yaşamaq üçün evlilik haqda sənəd tələb olunur. Elə bəzi matçlarda onun çox istəksiz olduğu hiss olunurdu. Duranın həm özünün Avropaya qayıtmaq istəyi, həm də “Əl-Nəssr”in yaxınlarda Ronaldo ilə yeni müqavilə imzalaması və bu üzdən əlavə xərclərdən qurtulmağa çalışması onun “Fənər”ə gəlişini sürətləndirdi. Səudiyyə Ərəbistanında 21 həftə keçirdiyini nəzərə alsaq, Duran bu müddətdə 8,2 milyon avro qazanmış oldu.
Müqayisə üçün bildirək ki, o, “Aston Villa”da qalsaydı, bu məbləği 4 ilə qazanacaqdı! İndi isə o, bu pulu Türkiyədə qazanacaq. Duranın geridə qoyduğumuz mövsümdə “Aston Villa” və “Əl-Nəssr”in heyətində 47 rəsmi oyuna çıxdığını və 24 qol vurduğunu da bildirək. O, “Fənərbaxça” tarixinin 198-ci əcnəbi və birinci kolumbiyalı futbolçusudu.
Bundan başqa, Con Əli Koçun başqanlığı dönəmində klubun reallaşdırdığı 106-cı (!) transferdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta