Braziliya Prezidenti Luiz Inacio Lula da Silva ABŞ Prezidenti Donald Trampın ölkəyə qarşı 50 faiz rüsum tətbiq etmək qərarını qəbuledilməz bir şantaj adlandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Lula da Silva, xalqa müraciəti zamanı ABŞ-nin 1 avqustdan etibarən Braziliya məhsullarına tətbiq edəcəyini açıqladığı tarifələrə dair fikirlərini bölüşüb.
O qeyd edib ki, tarifələrlə bağlı Vaşinqtonla 10-dan çox görüş keçiriblər və 16 may tarixində ABŞ tərəfinə rəsmi danışıqlar təklifi təqdim ediblər:
“Bu təklifə cavab gözləyirdik, amma aldığımız cavab – Braziliya qurumlarına qarşı təhdidlər və iki ölkə arasındakı ticarətə dair yanlış məlumatlar qəbuledilməz bir şantaj oldu.”
Lula da Silva, Trampın keçmiş Prezident Jair Bolsonaro ilə rəftarı səbəbilə Braziliya hökumətini tənqid etməsinə də reaksiya verərək, ölkəsinin ədliyyə sisteminə müdaxilə cəhdini milli suverenliyə qarşı ciddi hücum kimi qiymətləndirib.