BAKI, 18 iyul. TELEQRAF
"2025-ci il dekabrın 8-dən bəri çoxsaylı çətinliklərə baxmayaraq, Suriyada ciddi irəliləyiş əldə olundu. Türkiyə Suriyada sülh, bərpa və yenidənqurma işləri üçün öz dəstəyini təklif eti. Amma bu gün İsrailin davam edən təcavüzü Suriyanın ictimai harmoniya əsasında yenidən qurulması səylərini birbaşa baltalayır".
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı(BMT) Daimi Nümayəndəsi Əhməd Yıldız Təhlükəsizlik Şurasının "Yaxın Şərqdəki vəziyyət" adlı təcili toplantısındakı çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, İsrailin hərbi müdaxilələri və təxribat xarakterli bəyanatları Suriyanın suverenliyini və ərazi bütövlüyünü təhdid edir.
“Suriya xalqı sülh fürsətindən məhrum edilməməlidir” deyən Yıldız Təhlükəsizlik Şurasından gərginliyi azaltmağa və İsrailin təcavüzünü dərhal dayandırmağa çağırıb: "Suriyada milli barışıq üçün bütün səyləri dəstəkləməliyik. Suriya hökuməti və Suriyanın müvafiq qruplarının razılığını əks etdirən atəşkəsə nail olmaq və cənubda vəziyyəti sabitləşdirmək üçün səyləri alqışlayırıq və ümid edirik ki, bu atəşkəs daimi olacaq".
İyulun 13-də Suriyanın cənubundakı Suveyda əyalətində bədəvi ərəb qəbilələri ilə druz silahlı qrupları arasındatoqquşmalar baş verib.
Bölgəyə yerləşdirilən Suriya təhlükəsizlik qüvvələrinə druz qruplarının hücumları nəticəsində onlarla əsgər həlak olub.
Təhlükəsizlik qüvvələri ilə yerli silahlı druz qrupları arasında artan toqquşmalardan sonra tərəflər arasında atəşkəs əldə edilib.
Eyni zamanda İsrail ordusu Suriya təhlükəsizlik qüvvələrini hədəf alan hücumlara başlayıb.
İsrail aviasiyası iyulun 16-da Suriyaya zərbələr endirib.