Bu fikirləri Olaylar.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib. Politoloq bildirib ki, bu ölkə uzun illər davam edən təcrid olunmuş mövqedən - yəni, digər dövlətlər, beynəlxalq təşkilatlarla məhdud əlaqələrdən çıxmağa və regional inteqrasiyada daha fəal iştirak etməyə yönəlir. Görünür ki, Türkmənistan özünün zəngin enerji resurslarını və coğrafi-strateji mövqeyini indi daha aktiv şəkildə iqtisadi və siyasi avantaja çevirmək niyyətindədir:
"Uzun müddət Türkmənistan qazı Əfqanıstan, Pakistan və Hindistan üzərindən ixrac edilirdi. Eyni zamanda, Çinlə də qaz ixracı həyata keçirilirdi, lakin bu daha çox barter ticarəti formasında idi ki, bu da Türkmənistan üçün iqtisadi cəhətdən o qədər də sərfəli deyil. İndi isə ehtimal etmək olar ki, Türkmənistan Azərbaycanın fəal enerji diplomatiyasını, xüsusilə də onun beynəlxalq enerji bazarlarına çıxış imkanlarını nəzərə alaraq, enerji resurslarının Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarılmasını nəzərdən keçirə bilər. Bundan əlavə, nəqliyyat və logistika sahəsində də Azərbaycanın regional təşəbbüsləri Türkmənistan üçün cəlbedici görünür və bu fəallıqdan faydalanmağa çalışır".
Politoloqun sözlərinə görə, bu səfər - xüsusilə də Berdiməhəmmədovun Qarabağ bölgəsinə səfəri - Türkmənistanın gələcəkdə Türk Dövlətləri Təşkilatında tam hüquqlu üzv kimi çıxış etmək istəyinin göstəricisi ola bilər. Türkmənistan indiyədək bu təşkilatda müşahidəçi statusu ilə təmsil olunurdu, lakin bu səfərdən sonra tamhüquqlu üzvlük məsələsi də gündəmə gələ bilər.
Bütün bu proseslər Türkmənistan üçün müəyyən iqtisadi və geosiyasi üstünlüklər vəd edir. Azərbaycan Prezidenti ilə keçirilən görüş zamanı da bu məsələlərə toxunulması təsadüfi deyil. Unutmaq olmaz ki, Azərbaycan və Türkmənistan arasında 2023-cü ildə ticarət dövriyyəsi 795 milyon dollar olub, 2024-cü ildə isə bu rəqəm 400 milyon dollara qədər azalıb. Bu da onu göstərir ki, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsinə ehtiyac var və bu səfər həmin məqsədlərə də xidmət edir.
Səidə Ramazanova