2025-ci ilin ilk 6 ayı ərzində Azərbaycanın milli parklarına ümumilikdə 87 542 turist səfər edib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib. Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artım deməkdir. Səfər edənlərin böyük hissəsini yerli turistlər təşkil edir ki, bu da ölkə əhalisinin təbiət ərazilərinə, ekoturizmə olan marağının artması və həyata keçirilən ekoloji maarifləndirmə tədbirlərinin real nəticəsi kimi dəyərləndirilir. Nazirlik rəsmisi onu da qeyd edib ki, bu dövrdə turistlərin ən çox üz tutduğu ərazilər arasında Göygöl, Şahdağ və Abşeron milli parkları ilk sıralarda yer alıb.
Milli parklara olan marağın artması istər turizm sektorunun inkişafı, istərsə də əhalinin təbiətə bağlılığının güclənməsi baxımından sevindirici göstəricidir. Təbii irsə maraq, ekoloji maarifləndirmənin effektivliyi və yerli turizmin dirçəlməsi, həm də milli parkların sosial və iqtisadi potensialını artırır. Lakin bu artan maraq özü ilə bir sıra ekoloji və inzibati riskləri də gətirə bilər. Mütəmadi insan axını, nəzarətsiz gediş-gəliş, məsuliyyətsiz davranışlar, təbiətə zərərli tullantılar və flora-faunanın narahat edilməsi milli parkların ekosistemlərinə ciddi ziyan vurma potensialına malikdir.
Bunun qarşısını almaq üçün bir sıra tədbirlərin sistemli şəkildə həyata keçirilməsi zəruridir. İlk növbədə, milli parklarda ziyarətçi axınına dair kvotalar tətbiq olunmalı, həssas bölgələrə giriş limitləşdirilməlidir. Yəni, hər bir parkın daşıyıcı tutumu – yəni bir gün ərzində nə qədər turistin ekosistemə zərər vurmadan qəbul edilə biləcəyi – elmi əsaslarla müəyyənləşdirilməli və bu rəqəmlərdən kənara çıxılmamalıdır.
İkinci olaraq, milli parklarda monitorinq və nəzarət sistemi gücləndirilməlidir. Ziyarətçilərin hərəkət etdiyi marşrutlar əvvəlcədən müəyyən edilməli, təyin olunmuş cığır və keçidlərdən kənara çıxmağa icazə verilməməlidir. Ərazidə ekoloji nəzarətçilər və könüllülər vasitəsilə daim məlumatlandırıcı və xəbərdaredici nəzarət tətbiq edilməli, ehtiyac olduqda cərimə tədbirləri də həyata keçirilməlidir. Eyni zamanda ziyarətçilər üçün tualetlər, zibil qutuları və digər infrastrukturlar yetərli və əlverişli şəkildə yerləşdirilməlidir ki, turistlər təbiəti çirkləndirmədən rahat şəkildə istirahət edə bilsinlər.
Üçüncü mühüm istiqamət – maarifləndirmədir. Milli parklara gələn turistlərin, xüsusilə də yerli sakinlərin, təbiətə münasibətində məsuliyyətli davranış tərzinin formalaşması əsas hədəf olmalıdır. Bu məqsədlə park girişlərində məlumat lövhələri, təlimat videoları, broşürlər təqdim olunmalı, təbiətin qorunmasına dair interaktiv və əyləncəli formatlarda məlumatlandırma aparılmalıdır. Xüsusən məktəblilər, ailələr və gənclər üçün park ərazilərində “yaşıl düşərgələr”, “ekoloji dərslər” təşkil edilməli, turistlər passiv izləyicidən aktiv təbiət müdafiəçisinə çevrilməlidirlər.