AZ

Lionel Messi 90 dəqiqə oynadı, 3 qola üzüldü, seriya bitdi

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi bu gün MLS-in növbəti turu çərçivəsində “Sinsinnati” ilə qarşılaşıb.

“Vağlar” səfərdə baş tutmuş bu oyunda 3 cavabsız qolla məğlub olublar. Messi 90 dəqiqə meydanda olsa da, fərqlənə bilməyib.

Bununla argentinalı ulduzun ardıcıl beş oyun davam etmiş qol seriyası sona çatıb. Messi MLS-də əvvəlki beş matçın hər birində dubla imza atmışdı. Floroda təmsilçisinin MLS-dəki üç oyunluq qələbə seriyası da bu məğlubiyyətlə başa çatıb.

“İnter Mayami” MLS-in müntəzəm mövsümünün turnir cədvəlində 38 xalla 5-ci pillədə qərarlaşıb. Mayami təmsilçisi keçirdiyi 20 oyunda 11 qələbə qazanıb, 5 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 28 oyuna 22 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 67 oyun, 56 qol və 25 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 193 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Seçilən
22
4
arena.az

10Mənbələr