Pakistanda iyunun sonundan bəri davam edən güclü musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində azı 111 nəfər həlak olub, 212 nəfər isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Pakistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsi məlumat yayıb.
Təbii fəlakətdən ən çox Hayber-Paxtunxva, Şərqi Pəncab, Sind və Bəlucistan əyalətləri zərər çəkib. Son 48 saat ərzində bölgədə daha yeddi nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.
Sinoptiklər yaxın günlərdə yağıntıların daha da güclənə biləcəyi ilə bağlı xəbərdarlıq edərək yerli hakimiyyət orqanlarını fövqəladə hallara hazır olmağa çağırıb.
Qeyd edək ki, iyul-sentyabr aylarında müşahidə olunan musson mövsümü hər il Pakistanda yüzlərlə insanın həyatına son qoyur, kənd təsərrüfatı və infrastruktur obyektlərinə ciddi zərər vurur.