AZ

Yeni Kaledoniya: müstəqillik mücadiləsini dayandırmaq mümkün deyil

Azərbaycan dünyada sülhpərvər dövlət olması, qlobal səviyyədə təhlükəsizliyə, barışa, xalqların rifahına verdiyi töhfələri ilə tanınır.  Respublikamızın beynəlxalq əlaqələrinin, xarici siyasətinin təməlində dayanan prinsiplərdən biri də məhz bundan ibarətdir. Azərbaycanın müstəmləkə altında olan xalqların azadlıq mücadiləsinə verdiyi dəstək də bu məqsədə xidmət edir.  

Neokolonializmlə mübarizə Azərbaycanın qlobal təşəbbüsüdür

Respublikamız Qoşulmama Hərəkatına sədrliyi dövründə bir sıra mühüm təşəbbüslər irəli sürüb ki, onlardan biri də neokolonializmlə mübarizədir. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılan Bakı Təşəbbüs Qrupu XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Respublikamızın milli mübarizələrinə yaxından dəstək verdiyi xalqlardan biri də kanaklardır. XIX əsrdən Fransanın müstəmləkəsi altında olan Yeni Kaledoniya öz azadlığı uğrunda onilliklərdir ki, mübarizə aparır. Lakin kanakların mücadiləsi həmişə Fransa tərəfindən xüsusi qəddarlıqla yatırılıb. Öz azadlıqları üçün mübarizə aparan kanaklar Fransa dövlətinin zülmünə, repressiyalarına və çoxsaylı cinayətlərinə  məruz qalıblar. Ötən il Yeni Kaledoniyada baş verən iğtişaşlar zamanı Fransa polisi tərəfindən müstəqillik hərəkatının üzvləri qanunsuz həbs olunublar. Onlarla terrorçu kimi davranılıb və gizli şəkildə Parisə aparılaraq müxtəlif işgəncələrə məruz qalıblar. 

Həmçinin  Fransa hökuməti miqrantları qanunsuz yollarla Yeni Kaledoniyaya yerləşdirərək yerli sakin olan kanakları assimilyasiya edir, azadlıq istəyən bu xalqı azlığa çevirməyə və bu yolla adanı müstəmləkəsi altında saxlamağa çalışır. 

Qeyd edək ki, 1986-cı ildən Yeni Kaledoniya BMT tərəfindən  dekolonizasiya ediləcək ərazilər siyahısına daxil olunub. Yeni Kaledoniyanın müstəqillik uğrunda apardığı mübarizəsinə hər vəchlə maneə törədən, indiyədək aparılmış danışıqları və nizamlama prosesini bloklamağa çalışan Fransa həmçinin bu ərazinin  dekolonizasiya ediləcək ərazilər siyahısından çıxarılmasına bir neçə dəfə cəhd edib, amma nail ola bilməyib. 

O da  təəssüflə qeyd edilməlidir ki, beynəlxalq ictimaiyyət Fransanın Yeni Kaledoniyadan özünün çirkin məqsədləri üçün istifadə etməsinə, bu ərazinin təbii sərvətlərini talamasına laqeyd yanaşıb. Yalnız Azərbaycanın sayəsində Yeni Kaledoniya öz problemini beynəlmiləlləşdirə bilib. Bakı Təşəbbüs Qrupunun fəaliyyətində əsas yerlərdən biri Yeni Kaledoniyanın kanak xalqının azadlıq mübarizəsinin dəstəklənməsidir. 

Kanaklar Fransa boyunduruğunda yaşamayacaqlar

Kanak xalqı öz mübarizəsindən geri çəkilmək fikrində deyil. Elə bu günlərdə ongünlük danışıqlardan sonra Yeni Kaledoniyanın müstəqillik tərəfdarları və əleyhdarları arasında razılaşmanın imzalanması da bunu təsdiq edir. 13 səhifəlik sənəddən ibarət razılaşmada Fransa daxilində xüsusi statusa malik olan Yeni Kaledoniya dövlətinin yaradılması nəzərdə tutulur. Bu status kaledoniyalılara ikili vətəndaşlıq - Fransa və Kaledoniya vətəndaşı olmaq imkanı verir və onların kimliyini tanımaqla yanaşı, Fransa ilə əlaqəni də saxlayır. Sənədə görə, digər ölkələr də Yeni Kaledoniya dövlətini tanıya biləcək.

Razılaşma yalnız institusional məsələlərlə məhdudlaşmır. O, eyni zamanda iqtisadi və maliyyə islahatları paktını da əhatə edir. Bu pakt Yeni Kaledoniya iqtisadiyyatının əsas sütunlarından biri olan nikel sənayesi üçün strateji planı da özündə ehtiva edir. Razılaşmanın qüvvəyə minməsi üçün 2026-cı ilin fevralında Yeni Kaledoniyada keçiriləcək referendumda təsdiq olunması nəzərdə tutulur.

Proseslər nəzərdə tutulduğu kimi davam edərsə, Fransa dövləti hər zaman olduğu kimi problemlər yaratmazsa, Yeni Kaledoniyanın tarixində yeni mərhələ başlayacaq. Bu həm də Yeni Kaledoniyanın tam müstəqilliyinə doğru mühüm keçid olacaq. 

Tarixin bütün mərhələlərində Fransa hökuməti kanakların təhsilini, dinini, milli dəyərlərini, mədəniyyətini xalqın əlindən almağa çalışıb. Bu qeyri-insani siyasət Prezident E.Makronun Fransaya rəhbərlik etdiyi dövrdə daha da şiddətlənib. Mənəvi və maddi terrorlara məruz qalan kanaklar isə Fransa boyunduruğundan xilas olmaq yolunda əzmkar və qətiyyətli görünür. Fransanın repressiyalarına və müxtəlif cinayətkar əməllərinə baxmayaraq onlar mübarizələrini bundan sonra da davam etdirəcəkləri qərarındadırlar.

Azərbaycan dövləti isə bundan sonra da Fransanın müstəmləkəçiliyini ifşa edəcək, əsarətdə olan xalqların mübarizəsinə köməyini əsirgəməyəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik".

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Seçilən
53
40
azerbaijan-news.az

10Mənbələr