Faiq Balabəyli: “Yeni Kaledoniya dövləti elan edildikdən sonra onun müstəqilliyini ilk tanıyan dövlətin məhz Azərbaycan olacağına şübhə etmirəm”
On günlük danışıqlardan sonra Yeni Kaledoniyanın müstəqillik tərəfdarları və əleyhdarları arasında Fransa tərəfindən tarixi hadisə kimi qiymətləndirilən razılaşma imzalanıb.
13 səhifəlik sənəddən ibarət razılaşmada Fransa daxilində xüsusi statusa malik Yeni Kaledoniya Dövlətinin yaradılması nəzərdə tutulur. Bu status kaledoniyalılara ikili vətəndaşlıq - Fransa və Kaledoniya vətəndaşı olmaq imkanı verir və onların kimliyini tanımaqla yanaşı, Fransa ilə əlaqəni də saxlayır. Sənədə görə, digər ölkələr də Yeni Kaledoniya Dövlətini tanıya biləcək.
Razılaşma yalnız institusional məsələlərlə məhdudlaşmır. O, eyni zamanda iqtisadi və maliyyə islahatları paktını da əhatə edir. Bu pakt Yeni Kaledoniya iqtisadiyyatının əsas sütunlarından biri olan nikel sənayesi üçün strateji planı da özündə ehtiva edir.
Razılaşmanın qüvvəyə minməsi üçün 2026-cı ilin fevralında Yeni Kaledoniyada keçiriləcək referendumda təsdiq olunması nəzərdə tutulur.
Azərbaycan Yeni Kaledoniya dövlətini tanıyacaq?
“İndi Çinlə iqtisadi əlaqələrimiz güclənib, bunun nəticəsində yanvar, fevral, mart aylarında ölkəyə Çindən adıçəkilən məhsulların idxalı artıb”
Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli “Bakı-Xəbər”ə bildirdi ki, Yeni Kaledoniyanın azadlıq mübarizəsinə dəstək siyasətinin bünövrəsi Bakıda qoyulub və onların azadlıqla, müstəqilliklə bağlı çağırışları dünyaya paytaxtımızdan yayılıb. Azərbaycanın Fransa müstəmləkəsi altında əzilən xalqların azadlıq və müstəqillik arzularına dəstək verdiyini deyən F.Balabəyli bu istiqamətdə Bakı Təşəbbüs Qrupunun (BTQ) oynadığı rolun böyük əhəmiyyətə malik olduğunu qeyd etdi. “Biz Fransa müstəmləkəçiliyindən azad olmaq istəyən xalqların, ərazilərin, kiçik dövlətlərin azadlığa can atmalarının şahidi oluruq. Azərbaycan ictimaiyyəti də, QHT-ləri də, digər institutları da Fransanın zülmündən xilas olub müstəqil dövlət qurmaq istəyən xalqlara həmişə dəstək göstərib. BTQ-nin yaradılması və bu platforma vasitəsilə Yeni Kalendoniyanın, digər kiçik ölkələrin, ərazilərin, xalqların haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması onların müstəqillik yolunun açılmasına bir təkan oldu. Bilirik ki, Yeni Kaledoniya xalqı Fransanın müstəmləkəçilik zülmündən xilas olacağı günü səbrsizliklə gözləyir. Biz bunu Bakıda keçirilən tədbirlərdə dəfələrlə Yeni Kalendoniya nümayəndələrinin dilindən eşitmişik. Uzun illərdir aparılan səmərəli mübarizənin nəticəsi olaraq artıq Yeni Kalendoniyanın öz müstəqilliyinə qovuşmasına bir neçə addım qalıb. Yeni Kaledoniyanın müstəqillik tərəfdarları və əleyhdarları arasında razılaşmanın imzalanması onu göstərir ki, 2026-cı ildə keçiriləcək referendumda müstəqil dövlət qurmaq istəyən Yeni Kalendoniya xalqı öz arzusuna çatacaq. Təbii ki, Azərbaycan həmişə olduğu kimi yenə də onlara dəstək verəcək.
Yeni Kalendoniya dövləti elan edildikdən sonra onun müstəqilliyini ilk tanıyan dövlətin məhz Azərbaycan olacağına şübhə etmirəm”.
F.Balabəyli vurğuladı ki, Fransa tərəfindən Yeni Kalendoniya xalqının suverenlik hüququ tapdalanıb və onlar öz suveren hüquqlarının bərpası uğrunda Fransaya qarşı mübarizə aparıblar. “İllərdir ki, bu xalqın hüquqları pozulub. Yeni Kalendoniya nümayəndələri Fransa və onun müstəmləkəçi siyasəti ilə bağlı bir sıra problemləri Bakı platformasından dünyaya çatdırıblar və ciddi dəstək qazanıblar. Bu baxımdan o torpaqların ərazi bütövlüyü və suverenliyi ilə bağlı yaranan maneələrin aradan qaldırılması üçün BTQ-nin dəstəyi ilə beynəlxalq sferada ciddi mübarizə tədbirləri, çağrışlar həyata keçirildi. Ümid edirik ki, Yeni Kalendoniya dünya birliyində azad, suveren ölkə kimi öz sözünü deyəcək”-deyə F.Balabəyli qeyd etdi.
İradə SARIYEVA