Kamran Məmmədli: “Ərəb qızılı baha olduğu üçün tələbat az olur”
Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 2,9 milyard ABŞ dolları dəyərində 30 875 kiloqram qızıl idxal edilib. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 95 min 227 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda qızıl istehsalı 1 601 kiloqram təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 597 kiloqram və ya 59,5% çoxdur. Cari ilin iyul ayının 1-nə ölkədə hazır qızıl ehtiyatının miqdarı 196,4 kiloqram olub.
Açıqlanan hesabatdan bəlli olur ki, Azərbaycana qızıl daha çox Rusiya, Amerika, Qazaxıstan və digər ölkələrdən idxal olunur. Maraqlıdır, ərəb ölkələrindən ölkəmizə qızıl idxalı müşahidə olunmur. Bunun səbəbi nə ilə bağlıdır?
“Ərəb qızılının satışı elə də yüksək deyil, çünki ərəb qızılı bazarda ən baha satılan qızıldır”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son zamanlar qızıl qiymətində dəyişiklik müşahidə olunur: “Bu dəyişiklik qızılın qiymətinə təsir edir. Birjalarda qızılın qiyməti xammala əsasən müəyyən olunur və onun üzərinə əməkhaqqı gəlir. Daxili bazarda tələbat daha çox italyan, rus və türk qızılınadır. Bu ölkələrin qızılının qiyməti münasibdir. Ərəb qızılının satışı isə elə də yüksək deyil. Çünki ərəb qızılı bazarda ən baha satılan qızıldır. 918 əyarlı ərəb qızılı ənənəvi olaraq daha yüksək keyfiyyət və daha ağır dizaynlarla seçilir. Lüks qızıl məhsulları almaq istəyənlər bu qızıla üstünlük verir. 750 əyarlı italyan qızılı ən çox tələb olunan zinət əşyaları sırasında yer alır. Türk qızılı deyilən 585 əyarlı qızıl Azərbaycanın zərgərlik bazarında populyar seçimlər arasındadır. Ümumiyyətlə, ərəb qızılı baha olduğu üçün tələbat az olur. Onu da deyim ki, Azərbaycanda qızılın qiyməti toy mövsümündən müəyyən dərəcədə aslı olsa da, daha çox dünya bazarındakı qızılın qiymətindən asılıdır”.
Günel CƏLİLOVA