AZ

Pensiya yaşı çatanların nəzərinə

Bəzən pensiya yaşına çatan vətəndaşlar hansı quruma müraciət etməli olduqlarını, hansı sənədləri təqdim etməli olduqlarını və ümumiyyətlə, prosesi necə başa vurmalı olduqlarını dəqiq bilmirlər. Bu isə onlarda çaşqınlıq və narahatlıq yaradır. Halbuki, hazırda əmək pensiyasının təyin olunması prosesi xeyli sadələşdirilib və əksər hallarda heç bir müraciətə ehtiyac qalmır.Metbuat.az-ın məlumatına görə, hazırda kişilər 65 yaşına çatdıqda pensiya almaq hüququ qazanırlar. Qadınlar üçün bu yaş 2025-ci il iyulun 1-dən 2026-cı il iyulun 1-dək olan dövrdə 64 yaş 6 ay olaraq müəyyən edilib. Əgər şəxsin fərdi hesabında yığılmış pensiya kapitalı minimum pensiya məbləğini ödəməyə yetərsə, o zaman əlavə staj tələbi olmadan pensiya ala bilər. Amma kapital kifayət etmədikdə, şəxsin azı 25 il sığorta stajının olması tələb olunur.2019-cu ildən etibarən Azərbaycanda pensiya təyinatı avtomatlaşdırılmış sistemlə aparılır. Yəni vətəndaş pensiya yaşına çatdığı anda, heç bir sənəd təqdim etmədən və müraciət etmədən onun pensiyası təyin edilir. Bu proses şəxsin elektron sistemdəki məlumatlarına əsaslanır. Əgər pensiya avtomatik təyin olunmazsa, vətəndaş özü müraciət etməlidir. Bunun üçün o, aidiyyəti qurumlara – Dövlət Sosial Müdafiə Fonduna, “DOST” mərkəzinə və ya müvafiq əlaqələndirmə mərkəzlərinə yaxınlaşmalıdır. Bu zaman şəxs müəyyən sənədləri təqdim etməlidir. Onlara şəxsiyyət vəsiqəsi, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, hərbi bilet və ya təhsil haqqında sənəd) daxildir. Əgər müraciəti nümayəndə edirsə, bu halda etibarnamə və nümayəndənin şəxsiyyət vəsiqəsi də tələb olunur.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
24
50
metbuat.az

10Mənbələr