Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəməsi başlayıb.
Ölkə.az oxu.az-a istinadən xəbər verir ki, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxsin vəkili Rövşən Süleymanovun barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırsa da, məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin qərarı ilə hazırlıq iclası başa çatıb və məhkəmə baxışı iyulun 22-nə təyin edilib.
Qeyd edək ki, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb..
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.