Rusiyadakı miqrantlara rəsmi maaşlarından artıq olan məbləğləri xaricə köçürmək qadağan edilməlidir. “TASS”-ın məlumatına görə, müvafiq təşəbbüs Dövlət Dumasının deputatları Aleksey Neçayev, Sardana Avksentyeva və Vladimir Plyakin tərəfindən irəli sürülüb. Onlar Rusiya Bankına öz təklifləri ilə məktub göndəriblər.
Qanunvericilər əmindirlər ki, mövcud Rusiya qanunlarında miqrantların köçürdüyü məbləğlərin onların rəsmi gəlirlərinə uyğun olub-olmamasına effektiv nəzarət etməyə imkan verən müddəalar yoxdur. Nəticədə qeyri-qanuni gəlirlərin leqallaşdırılması, vergidən yayınma və kapitalın çıxarılması üçün şərait yaranır. Bu isə öz növbəsində ölkənin iqtisadi və sosial təminatına mənfi təsir göstərir.
Əgər miqrant rəsmi maaşından artıq məbləği xaricə köçürmək niyyətindədirsə, deputatlar ondan əldə etdiyi gəlirin qanuniliyini təsdiq edən bəyannamə tələb etməyi təklif edirlər.
Almaz Həsənli