AZ

Ağ Evdə Ukrayna tərəfdarı - Melaniya Tramp Zelenskinin müttəfiqinə ÇEVRİLİB

ABŞ-ın keçmiş birinci xanımı Melaniya Tramp Rusiya-Ukrayna müharibəsində Ukraynanın lehinə mövqe sərgiləməklə diqqət çəkir.

Bizim.Media xəbər verir ki, Britaniyanın nüfuzlu "The Times" nəşrinin yazdığına görə, Melaniya Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenskinin gözlənilməz müttəfiqinə çevrilib.

Məqalədə bildirilir ki, Melaniya Tramp həyat yoldaşı Donald Trampa Ukraynada baş verən insan faciələrini daim xatırladır, xüsusilə də Rusiya raket zərbələrinin mülki vətəndaşlar arasında yaratdığı itkilərə diqqət çəkir.
 

Melaniyanın bu mövqeyini onun keçmiş Yuqoslaviyada doğulması, “dəmir pərdə” dövründə yaşam təcrübəsi və ABŞ-ın sabiq prezidenti Ronald Reyqana olan dərin simpatiyası ilə əlaqələndirirlər. Qeyd olunur ki, 2022-ci ildə müharibə başladıqdan sonra Melaniya Tramp açıq şəkildə Ukraynaya dəstəyini ifadə edib, mülki əhalinin öldürülməsini “dəhşətli” adlandırıb və beynəlxalq ictimaiyyəti Ukraynaya yardım göstərməyə çağırıb.


Həmin dövrdə isə Donald Tramp Rusiyanın prezidenti Vladimir Putini “ağıllı” adlandırmaqla diqqət çəkmişdi.

"The Times"ın mənbələrinə görə, Donald Tramp ailə daxilində yalnız soyadını daşıyanların fikrinə ciddi şəkildə önəm verir və Melaniyanın ona təsir gücü əvvəl düşünüləndən qat-qat artıqdır.

Nəşrin bu kontekstdə verdiyi istehzalı şərh isə sosial şəbəkələrdə maraqla qarşılanıb:
“Heç olmasa, Tramp ailəsində düşünə bilən biri var”.

Bizim.Media

Seçilən
24
10
bizim.media

10Mənbələr