Həftəsonları plyajlara şəxsi maşınla getməyin qarşını necə almaq olar?
Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli deyib ki, insanların şəxsi avtomobildən istifadəsinə birbaşa qadağa qoymaq hüquqi baxımdan mümkün deyil:
"Problemi yumşaltmaq üçün müxtəlif yollardüşünmək mümkündür. Məsələn, ictimai nəqliyyatı səfərbər edib plyajlara marşrut avtobusları təyin etmək olar. Yəni metro stansiyalarından - məsələn, "Azadlıq", "Gənclik", "Qara Qarayev", "Koroğlu" və "Neftçilər"dən sözügedən istiqamətə müntəzəm avtobus reysləri təşkil olunarsa, bu, şəxsi nəqliyyat vasitələrinin sayının azalmasına səbəb ola bilər".
İlqar Hüseynli
Ekspert əlavə edib ki, bəzi hallarda yol nişanları vasitəsilə məhdudiyyətlərin tətbiqi mümkündür:
"Bəzi küçə və yolların girişində məlum saatlarda yük avtomobilləri üçün qadağa nişanları qoyulur. Eyni qayda ilə müəyyən ərazilərə şəxsi minik avtomobillərinin daxil olması da məhdudlaşdırıla bilər. Lakin bu məsələlər hüquqi müstəvidə və Dövlət Yol Polisi tərəfindən araşdırılmalıdır. İnzibati qadağalarla yox, rahat ictimai nəqliyyat və məlumatlandırma yolu ilə problemi tənzimləmək daha məqsədəuyğundur".