Bu gün Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq münasibətləri ən yüksək zirvəsini yaşayır.
"Report" xəbər verir ki, bunu Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Əhliman Əmiraslanov Bakıda "15 İyul - Demokratiya və Milli Birlik Günü"nün 9 illiyi münasibətilə keçirilən anım tədbirində deyib.
O qeyd edib ki, 2016-ci ildə Türkiyədə baş verən 15 iyul hadisələri Türkiyənin tarixində böyük ağır sınaq olmaqla bərabər, həm də tarixə qızıl hərflərlə daxil olan tarixi gün olub:
"Azərbaycanın bu hadisə zamanı dərhal Türkiyəyə dəstəyi böyük qardaşlıq nümunəsi idi. Türkiyə bu sınaqdan çox güclü çıxdı. Türkiyənin bugünkü uğurları məhz həmin tarixdən başlayır".
O qeyd edib ki, ölkələrimiz arasında dostluq əlaqələri geniş miqyasda davam edir:
"Biz bununla fəxr edirik. Bu gün qardaşlıq, dostluq münasibətləri ən yüksək zirvəsini yaşayır. Azərbaycan Türkiyənin 44 günlük Vətən müharibəsində ölkəmizin yanında olmasını heç vaxt unutmayacaq".
O qeyd edib ki, iki ölkə arasında parlamentlərarası əlaqələrin yüksələn xətlə inkişaf edir.
"PKK-nın tərksilah edilməsi ilə bağlı xəbərlər bizi sevindirir. Bu, türk dünyası üçün son dərəcə əhəmiyyət kəsb edən bir hadisədir" - deyə o vurğulayıb.