BAKI, TurkicWorld
HƏMAS, İsrail və ABŞ tərəfindən idarə olunan Qəzza Humanitar Fondunun (GHF) dərhal ləğv edilməsini tələb edib.
TurkicWorld xəbər verir ki, bu barədə HƏMAS-ın "Telegram" kanalında yayılan bəyanatda deyilir.
“Sionist-Amerika qüvvələrinin yardım paylama məntəqələri yaxınlığında həyata keçirdiyi sistematik qətllər onların xalqımıza qarşı blokada, aclıq və qırğın siyasətindəki cinayətkar rolunu təsdiqləyir. Bu, bütün ərəb dünyasını və beynəlxalq ictimaiyyəti bu qeyri-insani mexanizmi ləğv etməyə və onu yaradanları məsuliyyətə cəlb etməyə vadar edir” - deyə, bəyanatda qeyd olunub.
Bundan əvvəl bildirilmişdi ki, şənbə günü Rəfah şəhərinin Əl-Şakuş bölgəsində yerləşən GHF obyektlərindən birinin qarşısında İsrail qüvvələrinin açdığı atəş nəticəsində 34 fələstinli həlak olub. Hüquq müdafiəçiləri bu obyektləri “insan kəsimxanaları” və “ölüm tələləri” adlandırır. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, may ayının sonunda GHF fəaliyyətə başladıqdan bəri bu nöqtələrdə 800-dən çox fələstinli öldürülüb, təxminən 5 min nəfər yaralanıb.
Qeyd edək ki, bu il martın 2-dən etibarən, İsrailin qərarı ilə Qəzza zolağına beynəlxalq humanitar yardımın çatdırılması tamamilə dayandırılıb, bütün keçid məntəqələri bağlı qalıb və ərzaq paylanması yalnız GHF məntəqələri vasitəsilə həyata keçirilir.
Əlavə edək ki, mayın 18-də İsrail ordusu “Gideonun Arabaları” adlı genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzza zolağının şimal və cənub bölgələrində döyüşlərin başlandığını elan etmişdi. Əməliyyatın məqsədi HƏMAS-ın tamamilə məhv edilməsi və anklavda saxlanılan bütün israilli girovların azad olunmasıdır. İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, əməliyyatın sonunda ordunun Qəzza zolağının bütün ərazisinə nəzarət etməsi planlaşdırılır.