UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olan Xorvatiyanın “Hayduk” klubu tarixinin ən istedadlı oyunçularından sayılan Luka Vuşkoviçlə yollarını ayırıb.
News24.az Teleqraf-a istinadən xəbər verir ki, icarə müddəti başa çatan 18 yaşlı müdafiəçi İngiltərənin “Tottenhem” klubuna geri dönüb.
2023-cü ilin sentyabrında Vuşkoviç cəmi 16 yaşında olarkən İngiltərə “Tottenhem”inə transfer olunub və bu keçid “Hayduk”un tarixində ən yüksək məbləğli icarı müqaviləsi kimi qeydə alınıb.
Gənc futbolçu “Hayduk”un UEFA Gənclər Liqasında finala yüksələn və turniri ikinci pillədə tamamlayan U-19 komandasının üzvü olub. Bu nəticə həm klub akademiyası, həm də xorvat futbolunun gənclər səviyyəsində qazandığı ən böyük uğurlardan biri hesab olunur. 2022-ci ilin sentyabrında o, "Qəbələ"yə qarşı Gənclər Liqasının I mərhələsinin oyunlarında da forma geyinib.
Vuşkoviç 2022-ci ildə, cəmi 16 yaşında Xorvatiya çempionatında “Dinamo”ya qarşı debüt edib. Üç gün sonra isə Xorvatiya Kubokunun 1/4 final mərhələsində qol vuraraq klubun rəsmi matçlarda fərqlənən ən gənc futbolçusu olub. Ümumilikdə, o, “Hayduk”un heyətində 11 rəsmi oyuna çıxıb və 2022/2023 mövsümündə ölkə kubokunun qalibi olan komandanın tərkibində yer alıb.
Vuşkoviç bir müddət öncə Xorvatiya millisinin əsas komandasında da debüt edib. O, DÇ-2026-nın seçmə mərhələsində Çexiyaya qarşı keçirilən oyunda ilk dəfə milli forma ilə meydana çıxıb.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin “Zirə” - “Hayduk” oyunu iyulun 23-də 8-ci km stadionunda ("Neftçi Arena") keçiriləcək. Cavab görüşü isə iyulun 31-də Xorvatiyada baş tutacaq.