AZ

“Real" “Benfika”nın futbolçusunu transfer edir

İspaniyanın “Real Madrid” klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.

90deqiqe.Az xəbər verir ki, Madrid nəhəngi “Benfika”nın sol cinah müdafiəçisi Alvaro Karreyra ilə razılıq əldə edib.

22 yaşlı futbolçunun yaxın vaxtlarda Madriddə tibbi müayinədən keçəcəyi gözlənilir. “Benfika” rəhbərliyi oyunçunun İspaniyaya yollanmasına icazə verib.

Transferlə bağlı daha bir detal isə “Mançester Yunayted”ə aiddir. İngiltərə klubu futbolçunun hüquqlarının bir hissəsinə malik olsa da, geri alma bəndini aktivləşdirməmək qərarına gəlib.

Məlumatlara görə, “Real” bu transfer üçün 50 milyon avro ödəyəcək. Ancaq Madrid klubu bu məbləği birdəfəlik deyil, mərhələli şəkildə ödəmək üçün razılıq əldə edib.

Álvaro Karreyra ötən mövsüm “Benfika”nın heyətində bütün turnirlərdə 52 matçda iştirak edib, 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalı oyunçunu təxminən 35 milyon avro dəyərində qiymətləndirir.

Seçilən
26
47
90deqiqe.az

10Mənbələr