AZ

ASEAN ölkələri İsrail və İranı atəşkəs rejiminə əməl etməyə çağırdı - ÖZƏL

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) İsrail və İranı 24 iyun 2025-ci ildə qüvvəyə minmiş atəşkəs rejiminə əməl etməyə çağırıb. Olaylar.az xəbər verir ki, by barədə ASEAN ölkələrinin xarici işlər nazirlərinin 58-ci toplantısından sonra qəbul edilmiş birgə bəyanatda deyilir.
"2025-ci il iyunun 13-dən etibarən Yaxın Şərqdə gərginliyin artmasından narahat olduğumuzu ifadə etdik və İsrail ilə İran arasında 24 iyun 2025-ci ildə əldə olunmuş atəşkəsi alqışladıq. Bütün tərəfləri atəşkəs rejiminə riayət etməyə və münaqişənin daha da dərinləşməsinə yol verməməyə ciddi şəkildə çağırırıq", - deyə sənəddə bildirilir.
Bəyanatda qeyd olunur ki, ASEAN ölkələri münaqişələrin beynəlxalq hüquq, o cümlədən BMT Nizamnaməsi əsasında sülh yolu ilə həllinə və dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipinə sadiq qalırlar.
Bundan əlavə, assosiasiyaya üzv ölkələr müharibə şəraitində mülki əhali və mülki infrastrukturun qorunmasına dair öhdəliklərini bir daha təsdiqləyib və münaqişə tərəfləri arasında konstruktiv dialoqun bərpasını dəstəklədiklərini bildiriblər.
Qeyd edək ki, ASEAN 1967-ci ildə yaradılmış və hazırda 10 dövləti (İndoneziya, Malayziya, Sinqapur, Tailand, Filippin, Bruney, Vyetnam, Laos, Myanma və Kamboca) birləşdirən regional hökumətlərarası təşkilatdır. 58-ci Xarici İşlər Nazirləri görüşü 9 iyul tarixində Malayziyanın paytaxtı Kuala-Lumpurda baş tutub.
Xatırladaq ki, İsrail iyunun 13-də İrana qarşı hərbi əməliyyata başlayıb. Ertəsi gün İran cavab zərbələri endirib. 9 gün sonra ABŞ münaqişəyə müdaxilə edərək İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə zərbələr endirib. 23 iyun axşamı İran Yaxın Şərqin ən böyük ABŞ hərbi bazası olan Qətərdəki Əl-Udeyd bazasını vurub. Bundan sonra ABŞ Prezidenti Donald Tramp İsrail və İranın atəşkəsə razılaşdığını elan edib və atəşkəs rejimi 24 iyunda qüvvəyə minib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
10
olaylar.az

10Mənbələr