Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən su təchizatı, drenaj və təzyiqli kanalizasiya sistemləri üçün plastik boru kəmərləri sahəsində AZS EN 12201-1:2025 “Su təcizatı, drenaj və təzyiqli tullantı suları üçün plastik boru kəməri sistemləri. Polietilen (PE) - Hissə 1: Ümumi tələblər”, AZS EN 12201-2:2025 “Su təcizatı, drenaj və təzyiqli tullantı suları üçün plastik boru kəməri sistemləri. Polietilen (PE) - Hissə 2: Borular” və AZS EN 12201-3:2025 “Su təcizatı, drenaj və təzyiqli tullantı suları üçün plastik boru kəməri sistemləri. Polietilen (PE) - Hissə 3: Fitinqlər” yeni dövlət standartları qəbul edilib.
Sözügedən dövlət standartları polietilen (PE) materialından hazırlanan boru, fitinq və komponentlərin keyfiyyət və təhlükəsizlik göstəricilərini artırmaq məqsədilə qəbul edilib. Bu standartlar su təchizatı, drenaj və təzyiqli kanalizasiya sistemləri üçün plastik boru kəmərlərinin ümumi tələblərini müəyyən edir.
Belə ki, yeni dövlət standartlarının tətbiqi ilə əhali, sənaye müəssisələri və digər sahələrin su ilə təchiz edilməsində istifadə edilən xətlər, eləcə də tullantı sularının axıdılması üçün xətlərin davamlılığına, su itkisinin azaldılmasına və səmərəli istifadəsinə imkan yaranacaq.
Sözügedən yeni dövlət standartları “Tikinti materialları, məmulatları və konstruksiyaları” Texniki Komitəsində (AZSTAND/TK 10) qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.