AZ

“İsrailin növbəti hədəfi Türkiyə” - ABŞ-dan mesajın ünvanı...


İlyas Hüseynov: “Türkiyənin artan nüfuzu İsraili narahat edir”

İsrail və İran arasında 12 günlük müharibə bir neçə həftədir başa çatıb. ABŞ-ın “The Financial Times” nəşri yazıb ki, İrandan sonra İsrail Türkiyə ilə qarşılaşa bilər. “Ən təhlükəli nəticə İranla növbəti mübarizə deyil, Türkiyə ilə İsrail arasında daha gərgin rəqabətin yaranması ola bilər” deyə “The Financial Times” yazıb.

Nəşr yazır ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının sammitində Ankarada yeni əhval-ruhiyyənin yaranmasına işarə vurub: “Fələstin, Livan, Suriya, Yəmən və ya İran problemi yoxdur, amma İsrail problemi açıq-aşkardır”. Nəşr iddia edir ki, bu fikir İsrailin bölgədəki yeri ilə bağlı türk düşüncəsinin dəyişməsini əks etdirir; “bir vaxtlar müttəfiq, sonra rəqib, indi getdikcə daha çox açıq düşmən kimi görünür”.

“The Financial Times” belə bir yazını təsadüfən verə bilərmi? Bu yazıda nə kimi mesajlar var?

İsraillə Türkiyənin toqquşması kimə lazımdır?

“Bütün proseslər İsraillə Türkiyəni qarşı-qarşıya gətirir”

Politoloq İlyas Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, İran və İsrail arasında baş verən 12 günlük müharibə bir sıra çətinliklər yaratmaqla yanaşı, həm də davamlı gərginliyə yol açdı: “Yaxın Şərq regionu uğrunda bir sıra dövlətlər mübarizə aparır. Bu dövlətlərdən ən əsas Türkiyə, Səudiyyə Ərəbistanı, İran və digər dövlətlər belə bir hegemonluğa can atırlar. Amma Türkiyənin artan nüfuzu İsraili narahat edir. Türkiyənin Suriya zəfəri, eləcə də İraqda keçirdiyi uğurlu hərbi əməliyyatlar da Təl-Əviv tərəfindən diqqətlə izlənilir. Təsadüfi deyil ki, İranla İsrail arasında müharibədə Türkiyə İsraildən özünə təhdid görür. Qarşı tərəfdən də məsələyə baxanda görürük ki, İsrail də Türkiyənin artan gücünü qəbul etmək istəmir. Belə olduğu halda toqquşma risqləri güclənir. Xüsusən də Qəzzadakı insanların qətl edilməsinə Ankaranın çox sərt münasibəti də İsrail tərəfindən qəbulolunmazdır. Bütün bu proseslər İsraillə Türkiyəni qarşı-qarşıya gətirir. Lakin burda çəkindirici əsas faktor ABŞ və NATO-dur. Hər iki dövlət yaxın Şərqdə ABŞ-ın əsas siyasi, strateji və geosiyasi dayaqlarıdır. Bu dayaqlardan ABŞ məhrum olmaq istəməz, çünki Türkiyə NATO-dakı ikinci böyük orduya sahibdir. Lakin İsrail də öz istədiyini edir. Biz proseslərə daha dərindən baxsaq deyə bilərik ki, Yəmən, Livan, Suriya, Qəzza, İran və bir çox İsrailin arzuladığı hədəflər də İsrail tərəfindən atəşə tutulub və ABŞ da bu prosesdə İsrailə dəstək verib. Lakin Türkiyə məsələsi fərqlidir. Türkiyə böyük, güclü, hegemon və müdafiə sənayesi ən üstün olan dövlətlərdən biridir, Türkiyə ilə bu cür oyunlar keçməz. Elə Türkiyənin xarici işlər naziri Hakan Fidanın da dediyi kimi, İran, Livan, Fələstin problemi yox, bölgədə İsrail problemi var”.

İ.Hüseynovun fikrincə, bu iki dövlətin üz-üzə gəlməsi böyük dağıntılara, böyük fəlakətə, qarşısıalınmaz siyasi böhrana gətirib çıxara bilər. İ.Hüseynovun sözlərinə görə, Azərbaycan kontekstindən baxanda da deyə bilərik ki, biri dostumuz, digəri hərbi-siyasi müttəfiqimizdir və bu iki dövlətin döyüş meydanında qarşılaşması Azərbaycan üçün də arzuolunmaz ssenaridir. “Bu baxımdan, hesab edirəm ki, tərəflər ortaq məxrəcə gələrək bölgənin gələcəyi naminə tarixi qərarlar verməlidirlər”-deyə İ.Hüseynov vurğuladı.

İradə SARIYEVA

Seçilən
11
50
baki-xeber.com

10Mənbələr