AZ

ABŞ-İran danışıqları bərpa olunur – Yaxın Şərqdə inanılmaz yeni müharibə ssenarisi

Ağ Evdə baş tutan Netanyahu-Tramp görüşü son beş ayda artıq üçüncü dəfədir baş tutur. Budəfəki görüş isə İsraillə İran arasında baş verən 12 günlük müharibədən sonra reallaşıb. Görüşün detalları açıqlanmasa da, bu cür ardıcıl və qapalı danışıqların regionda mühüm dəyişikliklərə zəmin yarada biləcəyi istisna edilmir.  Bəs , bu danışıqlardan sonra Yaxın Şərqdə və ya regionda hansı dəyişikliklər baş verə bilər? İsrail İrana hücuma hazırlaşır?
Moderator.az-a danışan poitoloq Mehman İsmayılov deyib ki, Amerikanın Yaxın Şərqdə apardığı siyasətin bir fəlsəfəsi var.
Politoloqun sözlərinə görə,  ABŞ təkcə Yaxın Şərqdə deyil, bütün dünyada bir balans yaratma siyasəti aparır və düşmən qütblərin düşmənçiliyinin aradan qalxmamasını istəyir və münaqişələri bu yolla idarə edir:
“İsrail Amerikanın Yaxın Şərqdəki proksi qüvvəsidir. ABŞ nə İsrailin İranın üzərində qələbəsini, nə İranın İsrail üzərindəki qələbəsini istəmir. ABŞ İsrailin bütün Yaxın Şərqdə dominantlıq edə biləcək gücə çevrilməsinin qarşısını alır. Çünki Birləşmiş Ştatlar İsrailin hər zaman “sözə baxan” olmasını arzulayır, tələb edir. Birləşmiş Ştatlar bu münaqişədən bir növ  istifadə edir. Əgər İsrail -İran düşmənçiliyi ortadadırsa, İran da, İsrail də, bütövlükdə Yaxın Şərq ölkələrinin böyük əksəriyyəti Amerikanın fikrinə qulaq asmaq məcburiyyətindədir. Amerika isə İsraili silahlandırır. Nə qədər İsrail varsa, İran mütləq Birləşmiş Ştatların qərarından asılıdır. Birləşmiş Ştatlar bu gün formalaşmış geosiyasi reallığı Yaxın Şərqdə dəyişmək istəmir, yəni  düşmənçilik ortadan qalxsın, bunu istəmir. İranla İsrailin barışmağın istəyirmi? Əlbəttə, yox. Çünki tərəflərin hər nə qədər qarşılıqlı nifrəti mövcud olacaqsa, arbiter rolunda - hakim rolunda Birləşmiş Ştatlar çıxış edəcəkdir. Əlbəttə ki, İsrailin məğlub olmasına Birləşmiş Ştatlar istəmir. Eyni zamanda , 450 milyon  insan yaşayan Yaxın Şərqdə İsrail bütün ərəblərə, türklərə, farslara, bütün oradakı dini icmalara və xalqlara, millətlərə hökmranlıq eləsin Birləşmiş Ştatlar buna da yol vermək istəmir. Çünki nə qədər ki, İsrail ərəb düşmənçiliyi vardır, ərəblər Amerikadan asılıdır. Xatırlayırsınız, Tramp Yaxın Şərqə səfər elədi, üç ərəb dövləti ilə görüşdü və 4 trilyon dollarlıq sövdələşmə imzalandı. Əgər ərəb dünyası ilə İsrail barışacaqsa, bu, Birləşmiş Ştatların marağına cavab vermir, amma kimsə qələbə çalsın, ona da imkan vermək istəmir. İran- İsrail üzərində qələbə çalsaydı, əlbəttə, bu, Birləşmiş Ştatların qəti şəkildə arzulamadığı bir ssenari olardı, amma yenidən ora alovlansın, orada şəkil dəyişsin, onu da istəmir. Birləşmiş Ştatların apardığı siyasət budur”. 
 
Politoloq xatırladıb ki, necə ki, ABŞ Rusiyanın Ukraynaya qarşı təcavüzünün tamamilə dayandırılmasını istəmir – çünki bu halda Avropa ABŞ-dan daha az asılı ola bilər, silah alışını azaldar, müdafiəyə ayırdığı vəsaitləri minimuma endirər və siyasi baxımdan daha müstəqil hərəkət edə bilər:
 “Digər tərəfdən, ABŞ Rusiyanın qələbəsini də istəmir. Belə bir vəziyyət NATO-nun və Qərbin zəifləməsi anlamına gələr və bu da Vaşinqtonun qlobal mövqeyinə ciddi zərbə olar. Əslində, ABŞ-ın istədiyi, müharibənin nə tam qələbə, nə də tam məğlubiyyətlə nəticələnməsi, yəni "idarə olunan qarşıdurma"nın davam etməsidir. Bu model həm Avropanı Vaşinqtona daha da bağlayır, həm də silah satışlarını artırır. Müharibə nə qədər uzun sürərsə, Avropa ölkələri Amerikanın silah sənayesindən asılı qalacaq, Vaşinqtonun vasitəçiliyinə ehtiyac duyacaq və bu da ABŞ-ın geosiyasi təsir dairəsini genişləndirəcək. Hazırda genişmiqyaslı hərbi əməliyyatların yenidən alovlanacağına dair ciddi əlamətlər yoxdur”. 
 
M.İsmayılov ABŞ – İran danışıqlarına diqqət çəkib:
“Gələn həftə ABŞ-ın İranla birbaşa danışıqlara başlaması gözlənilir. Bu isə bölgədəki sonuncu – 12 günlük müharibədən sonra yeni mərhələnin başlaya biləcəyinə işarədir. Müharibə zamanı həm İsrail, həm də İran ciddi itkilər verdi. Lakin bu qarşıdurmadan real siyasi və strateji qazanc əldə edən tərəf, həmişə olduğu kimi, yenə də Birləşmiş Ştatlar oldu. Tarixə nəzər salsaq görərik ki, ABŞ hər iki dünya müharibəsinin əsas qalibi kimi ortaya çıxıb. İkinci Dünya müharibəsindən sonra o, faşizmin və kommunizmin toqquşmasını ustalıqla idarə etdi, əvvəl Qərbi Avropanı öz təsiri altına aldı, ardınca da Sovet İttifaqının çökməsi ilə Şərqi Avropanı nəzarətinə keçirdi. Yəni müharibələrdən zəifləmiş qitələr üzərində öz hökmranlığını qurdu. Bu gün də eyni ssenarini Orta Şərqdə müşahidə edirik. ABŞ bir tərəfdən bölgədəki qarşıdurmalardan geosiyasi dividendlər toplayır, digər tərəfdən isə müharibənin tam miqyaslı regional qarşıdurmaya çevrilməsinin qarşısını almağa çalışır. Çünki genişmiqyaslı savaş nə İranın, nə İsrailin, nə də ABŞ-ın maraqlarına uyğundur. Vaşinqtonun əsas məqsədi bu iki gücü nəzarətdə saxlamaq, öz vasitəçi rolunu qorumaq və bölgədəki enerji, təhlükəsizlik və diplomatik maraqlarını təmin etməkdir”.
 
Politoloq vurğulayıb ki, 12 günlük İsrail-İran qarşıdurmasında İsrailin hərbi gücü artıq tükənmək üzrə idi ki, Donald Tramp İranın nüvə obyektlərinə zərbə endirmək qərarını verdi:
“Bu addım müharibənin genişlənməsinin qarşısını aldı. Lakin bu zərbələrin arxasında yalnız qarşılıqlı düşmənçilik yox, eyni zamanda qapalı razılaşmalar da vardı. Tramp özü açıq şəkildə etiraf edir ki, İran ABŞ-ın Qətərdəki hərbi bazasına zərbə endirməzdən əvvəl Vaşinqtonu xəbərdar etmişdi – hətta raketlərin sayı da bildirilmişdi: 14 raket. Tramp isə "vurun" deyə cavab verib. Sonradan bu raketlərin əksəriyyəti Amerika tərəfindən “Patriot” hava hücumundan müdafiə sistemləri ilə zərərsizləşdirilib. Bu isə açıq şəkildə göstərir ki, tərəflər arasında arxa kanallar vasitəsilə müəyyən razılaşdırılmış oyun gedir.
Lakin bu razılaşmalar nə ABŞ-İran, nə də İran-İsrail münasibətlərində fundamental dəyişiklik vəd etmir. İran və İsrail arasında düşmənçilik sadəcə siyasi deyil, ideoloji və tarixi xarakter daşıyır. İran İsrailin dövlət olaraq mövcudluğunu qəbul etmir, İsrail isə İranın bu günkü  rejimini. İsrail Fələstin dövlətinin yaradılmasına qarşı çıxır, İran isə İslam İnqilabını bölgəyə ixrac etmək siyasətindən əl çəkmir. Bu qarşıdurmanın kökləri onilliklərə söykənir və yaxın gələcəkdə həll olunması mümkünsüz görünür.
Üstəlik, İsrail artıq özünü nüvə silahına sahib dövlət kimi möhkəmləndirib, lakin eyni hüququ İrana tanımaq istəmir. Halbuki vaxtilə İranın şah dövründə nüvə proqramının əsasını qoyanlar məhz İsrailə mənsub yəhudi mütəxəssislər olmuşdu. Bütün bu ziddiyyətlər fonunda nə ABŞ İranla İsrailin bir-birini məhv etməsinə imkan verəcək, nə də onların barışmasını real hesab edir. Vaşinqtonun əsas məqsədi bu mürəkkəb balansın – status-kvonun qorunmasıdır”.
 
 
Mehin Mehmanqıız
 
Seçilən
8
50
moderator.az

10Mənbələr