"ABŞ prezidenti nə Ukrayna və Qəzzada müharibəni dayandıra bilib, nə də İranla gərginliyi azaltmağa nail olub..."
ABŞ prezidenti Donald Tramp və İsrail baş naziri Benyamin Netanyahunun Vaşinqtonda baş tutan son görüşü ictimaiyyətə "sülh təşəbbüsləri" adı ilə təqdim olunsa da, əslində bir sıra siyasi ziddiyyətləri və tənqidləri üzə çıxarıb.
Moderator.az xəbər verir ki, bu barədə "trt.global" nəşri yazıb.
Nəşr qeyd edir ki, Qəzzada davam edən müharibə, İrana qarşı hücumlar, Ukraynaya yardımlar və Trampın Nobel mükafatına təqdim olunması ətrafında cərəyan edən bu görüş həm diplomatik teatr, həm də siyasi istehza ilə yadda qalıb.
Netanyahudan Trampa "Nobel hədiyyəsi"

Vaşinqtondakı dövlət ziyafətində Netanyahu Trampa rəsmi şəkildə Nobel Sülh Mükafatına namizədlik məktubunu təqdim edib. "O, bir ölkədən digərinə, bir regiondan başqasına sülh gətirir", - İsrail baş naziri bəyan edib. Tramp isə bu jestə tipik istehza ilə cavab verib: "Bunu xüsusilə Sizdən eşitmək çox dəyərlidir. Böyük şərəfdir. Təşəkkür edirəm, Bibi!".
Lakin ekspertlər bu təqdimatı açıq tənqid edərək qeyd edir ki, Tramp nə Qəzzada müharibəni dayandıra bilib, nə də İranla gərginliyi azaltmağa nail olub. Əksinə, onun dövründə ABŞ İsrailin İrana qarşı hava hücumlarına dəstək verib, həmçinin öz ordusu vasitəsilə iranlı obyektlərə zərbələr endirib.
Trampın özünütənqidi və Putinə xəyal qırıqlığı
Mətbuatla söhbətində Tramp Ukrayna ilə bağlı suallara cavab verərkən həm Rusiya prezidenti Putinə, həm də öz hökumətinə tənqidi mövqe sərgiləyib: "Hazırda Ukrayna çox güclü zərbələr alır. Bu, həqiqətən çox ciddi vəziyyətdir. Ona görə də daha çox müdafiə xarakterli silah göndərəcəyik. Ancaq mən açıq deyim: prezident Putinin dayanmayaraq bu qədər irəli getməsi məni məyus edib. Mən bu haldan narazıyam".
Bu açıqlamalar fonunda, Trampın müdafiə naziri Pit Heqsetin ötən həftə Ukraynaya silah yardımını dayandırması da diqqət çəkib. Tramp bu addımı dolayısı ilə tənqid etsə də, Ukraynaya yardımın "sülhün bərqərar olması üçün" müvəqqəti davam etdiriləcəyini bildirib.
Qəzzada "sülh təşəbbüsü" və etnik təmizləmə iddiaları
Tramp Qəzzada atəşkəsin "çox yaxın olduğunu" bildirsə də, konkret detalları açıqlamayıb. Onun "HƏMAS görüşmək və atəşi dayandırmaq istəyir" deməsi nikbin görünsə də, Netanyahunun paralel bəyanatları narahatlıq doğurub.
İsrail naş naziri bildirib ki, Qəzzaya nəzarəti heç vaxt tam şəkildə Fələstin rəhbərliyinə verməyəcəklər və "bunun dövlət sayılıb-sayılmaması vecimizə deyil". Bu sözlər həmçinin Netanyahunun "qalanlar qala bilər, getmək istəyənlər getsin" açıqlaması, İsrailin bölgədə "etnik təmizləmə" planlarını pərdələdiyini göstərir.
Əslində, İsrailin Qəzzaya qarşı humanitar blokada tətbiq etdiyi, minlərlə dinc fələstinlinin yardıma gedərkən öldürüldüyü barədə beynəlxalq hesabatlar göstərir ki, "öz xoşuyla getmək" anlayışı reallıqdan uzaqdır.
Nobel arzusu və reallığın sərt üzü
Tramp bir neçə ölkənin, o cümlədən Pakistan və Hindistanın onun Nobel mükafatına namizədliyini dəstəkləməsinə baxmayaraq, öz sosial şəbəkəsində acı etiraf edib: "Nobel mükafatını almayacağam. Onu yalnız liberallar alır".
Doğrudan da, sülhə nail olmaq iddiasında olan bir prezidentin eyni anda həm Ukraynaya, həm İsrailə, həm də İrana qarşı silahlı strategiyalar aparması bu nominasiyanı ziddiyyətli edir. Tramp həm öz addımlarını tənqid edir, həm də bu addımların onu Nobel mükafatına layiq etdiyini düşünür.
Tramp və Netanyahu arasındakı görüş bir tərəfdən sülh ritorikası ilə bəzədilsə də, əslində, arxa planda davam edən hərbi strategiyalar, insan itkiləri və beynəlxalq hüququn pozulması ilə ziddiyyət təşkil edir. Nobel mükafatına namizədlik isə belə bir fonun ortasında yalnız siyasi jest və rəmzi tərif kimi görünür. Diplomatiya teatrında baş rollarda olan liderlərin sözləri ilə əməlləri arasındakı uçurum bu dəfə də dərinliyini göstərir.