AZ

“Abşeron” 4 ildə ölkəyə 5 milyard kubmetr qaz verəcək

İqtisadiyyat naziri Mikayıl Cabbarov “CNN Business Arabic”ə müsahibəsində Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Abşeron” qaz yatağında hasilatın 2028-ci ilin sonunadək illik 5 milyard kubmetrə çatacağını bildirib. Onun sözlərinə görə, 2024-cü ildə “Abşeron” yatağından 0,6 milyon ton kondensat, 1,5 milyard kubmetr qaz hasil edilib. Bu ilin yanvar – aprel aylarında isə bu yataqdan 0,2 milyon ton kondensat və 0,5 milyard kubmetr təbii qaz çıxarılıb.

Qeyd edək ki, 2023-cü ildə “Abşeron” yatağında hasilata başlanılıb və birinci mərhələdə 1,5 milyard kubmetr qaz çıxarılıb. Hazırda Azərbaycan Dövlət Neft Şirkəti və “Total” yatağın tam işlənməsi üzərində çalışır. Bu il isə yekun investisiya qərarının qəbul ediləcəyi gözlənilir.

Fransanın “TotalEnergies” və Dövlət Neft Şirkəti tərəfindən 2023-cü il iyulun 10-da yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində qaz və kondensat hasilatına başlanıldığı elan edilib. Hazırda yatağın işlənməsinin ikinci mərhələsinə start verilib. Bu mərhələdə hasil olunacaq qazın Azərbaycanın daxili bazarına yönəldiləcəyi nəzərdə tutulub.

Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan, təxminən, 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” yatağı “JOCAP – Absheron Petroleum” birgə əməliyyat şirkəti tərəfindən istismar olunur. Yataqdan ilk qaz 2023-cü ilin iyul ayının əvvəlində əldə edilib.

2023-cü ilin avqust ayında Əbu-Dabi Milli Neft Şirkəti Azərbaycan Dövlət Neft Şirkəti və “TotalEnergies” ilə “Abşeron” yatağında ümumilikdə 30 faiz iştirak payının alınması haqqında saziş imzalayıb. “TotalEnergies” və Azərbaycan Dövlət Neft Şirkətinin hər birinin layihədə payı 35 faiz təşkil edir.

 

Seçilən
1
6
xalqqazeti.az

10Mənbələr