AMD-nin yeni nəsil RDNA 4 qrafik kartları nə "Steam" statistikasında, nə də "Amazon" satış siyahılarında gözlənilən marağı qazana bilməyib. "Nvidia"nın yüksəlişi davam edərkən, bu vəziyyət oyunçular üçün narahatedici siqnal ola bilər.
Valyuta.az xəbər verir ki, iyul ayına daxil olarkən, AMD-nin yeni qrafik kartlarının performansı həm "Steam" avadanlıq sorğusu, həm də "Amazon ABŞ" satış rəqəmləri ilə gündəmdədir. Lakin bu göstəricilər AMD-nin "Nvidia" ilə güclü rəqabət qurmaqda çətinlik çəkdiyini ortaya qoyur.
"Nvidia"nın "Blackwell" seriyası sürətlə yayılır
İyun ayına dair "Steam" avadanlıq sorğusuna əsasən, "Nvidia"nın Blackwell seriyasından olan GPU-lar istifadəçilər arasında sürətlə populyarlaşır. RTX 5070 modeli 0,99% istifadə payı ilə siyahının başında yer alıb. RTX 5070 Ti 0,55%, yüksək seqmentli RTX 5090 isə 0,19% payla sıralamada mövcud olub.
AMD RDNA 4 siyahıya belə daxil ola bilməyib
AMD tərəfində vəziyyət daha da ümidsiz görünür. Şirkətin RDNA 4 seriyasına aid heç bir model iyun ayı məlumatlarında ayrıca kateqoriya kimi göstərilməyib. Bu GPU-lar istifadə payı 0,15%-dən az olan cihazların toplandığı "digər" kateqoriyasına düşüb.
"TechEpiphany" mənbəyinə istinadən sızdırılmış "Amazon" satış məlumatları AMD üçün nisbətən ümidverici görünsə də, ümumi tablo yenə də mənfidir. RX 9070 XT, iyun ayında 3.800 ədəd satışla dördüncü yerdə qərarlaşıb. İlk üç yerdə isə "Nvidia"nın RTX 5070 (5.450 ədəd), RTX 5060 Ti (4.950 ədəd) və RTX 5070 Ti (4.400 ədəd) modelləri var. Digər RDNA 4 modellərinin satışları isə nəzərəçarpacaq dərəcədə zəif olub; məsələn, RX 9070 cəmi 850 ədəd sata bilib.
"Nvidia" gəlirdə də liderdir
Ümumi satışlara baxıldıqda "Nvidia" GPU bazarının təxminən 70%-ni əlində saxlayır. Gəlir baxımından isə bu pay 80%-ə yaxınlaşır. Bu isə AMD-nin yalnız bazar payında deyil, gəlir baxımından da ciddi geridə olduğunu göstərir.
RX 9070 XT performans baxımından RTX 5070 Ti ilə olduqca yaxın səviyyədədir, bəzi ssenarilərdə daha üstün nəticələr verir. AMD-nin son sürücü yeniləmələri performansa müsbət təsir edib. Üstəlik, RTX 5070 Ti ilə müqayisədə daha münasib qiymətə təklif olunur. Buna baxmayaraq, bu modelin "Steam" sıralamasında yer almaması diqqət çəkir.
Oyunçular üçün mənfi siqnallar
Bu göstəricilər AMD-nin RDNA 4 seriyasının başlanğıc mərhələdə gözlənilən marağı görmədiyini sübut edir. Bu, oyunçular üçün uzunmüddətli perspektivdə seçim imkanlarının azalması və nəticədə qiymətlərin yüksəlməsi demək ola bilər. Rəqabətin zəifləməsi bazar balansını pozur.
Yenə də AMD üçün hər şey bitmiş deyil. Lakin "Nvidia"nın illərdir davam edən dominantlyinə qarşı çıxmaq üçün AMD-nin ciddi yüksəlişə ehtiyacı var. Maraqlıdır ki, "Nvidia" Blackwell seriyasında yaşanan sürücü problemlərinə baxmayaraq satışlarda üstünlüyünü qoruyur ki, bu da AMD üçün vəziyyəti daha da çətinləşdirir.
Paşa Məmmədli