AZ

Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...


Demoqrafiya hər bir ölkənin sosial-iqtisadi inkişafını müəyyən edən mühüm amillərdən biridir. Əhalinin sayı, yaş strukturu, miqrasiya axınları, doğum və ölüm səviyyələri, məskunlaşma coğrafiyası ölkənin gələcək inkişaf strategiyalarına birbaşa təsir göstərir.

Azərbaycanda son illərdə müşahidə olunan demoqrafik dəyişikliklər bir sıra məqamlarla yanaşı, milli təhlükəsizlik və dayanıqlı inkişaf baxımından da diqqət mərkəzindədir.

Ölkədə əhali məskunlaşması və artımı qeyri-bərabər bölgülərlə müşayiət olunur

Proseslər göstərir ki, qeyd edilən xüsusda ölkəmizdə müəyyən təhlükəli hallar da mövcuddur. Məsələn, araşdırmalar göstərir ki, Azərbaycanda doğum və ölüm nisbəti getdikcə bir-birinə yaxınlaşır və ölkədə təbii artım tempi aşağı düşüb. 2010-cu ilə qədər ölkədə ildə 150-160 min körpə doğulurdusa, indi onların sayı təxminən 100 min nəfərə enib. Bu tendensiya davam edərsə, ölkədə demoqrafiya sahəsində ciddi problemlərin yaranması qaçılmaz olacaq.

Xatırladaq ki, Azərbaycanda 2010-cu ildə 9 milyonuncu, 2019-cu ildə isə 10 milyonuncu vətəndaş dünyaya gəlib. Amma artım tempi aşağı düşüb. Ümumiyyətlə, 1991-ci ilə qədər müəyyən dönəmlərdə artım və azalma tempi bir-biri əvəzləyib. Xüsusən də 2011-ci ildən əhalinin təbii artımında yenidən azalma tempi başlayıb. Düzdür, bu hal əslində bütün dünyada müşahidə olunur. Hətta BMT tərəfindən aparılan araşdırmalara əsasən, 2080-ci illərdə dünya əhalisinin sayının 10,3 milyarda çatacağı və daha sonra azalmağa başlayacağı və əsrin sonunda 10,2 milyarda düşəcəyi gözlənilir. Ötən il isə Yer kürəsi 8 milyard insan sərhədini keçib, lakin BMT növbəti 60 ildə cəmi 2 milyard yeni əhali doğulacağını proqnozlaşdırır. Ölkələrin əhalisinin sabit qalması üçün orta doğum səviyyəsi bir qadına 2,1 uşaq olmalıdır. Lakin hazırda dünya ölkələrinin yarıdan çoxu bu səviyyəyə çatmır. Azərbaycanda da doğum nisbəti getdikcə azalır. Daha bir problem əhali məskunlaşması və artımının qeyri-bərabər bölgülərlə müşayiət olunmasıdır. Bakı və Abşeron yarımadasında əhali sıxlığı artırsa da, bir çox rayon və kəndlərdə əhali azalır, bəzi kəndlər tamamilə boşalır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, son 25 ildə paytaxt sakinlərinin sayı 30,5% və ya 549,8 min nəfər artaraq ilin əvvəlində 2 milyon 351 300 nəfərə çatıb. Halbuki, əsrin əvvəlində paytaxt sakinlərinin sayı 1 milyon 801 500 nəfər olub. Həmin il Bakı şəhəri 11 rayondan ibarət idi və əhalisinin sayına görə Xətai rayonu 217 min nəfər ilə paytaxtın ən çox əhalisi olan rayonu statusunu daşıyırdı. İkinci sırada 216,8 min sakin ilə Yasamal rayonu yer alırdı. 211,4 min nəfər əhalisi olan Binəqədi rayonu isə üçüncü sırada qərar tutmuşdu. Lakin son 25 ildə Sabunçu əhalisinin sayı 73,4% və ya 140,2 min nəfər artıb. Cari ilin əvvəlinə olan göstəricilərə görə, Sabunçu rayonu 331,3 min sakin ilə Bakı şəhərinin ən çox əhali məskunlaşdığı rayonuna çevrilib. Son 25 ildə Binəqədi əhalisinin sayında 46% və ya 97,2 min nəfər artım qeydə alınıb. 2025-ci ilin 1 yanvar tarixində qeydə alınan rəqəmlərə əsasən, paytaxtın ikinci ən böyük rayonu Binəqədi rayonudur və burada 308,6 min nəfər əhali yaşayır. Son 25 ildə Xətai rayonunun əhalisinin sayı 27,6% və ya 60 min nəfər artıb. Məhz bunun nəticəsidir ki, cari ilin əvvəlinə olan statistikaya əsasən, əhalinin sayına görə sıralamada üçüncü yeri 277 min əhali ilə Xətai rayonu yer alıb. Milli Məclisin 21 dekabr 2012-ci il tarixl iqərarı ilə Bakı şəhəri Xəzər rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək Bakı şəhərində 12-ci rayon – Pirallahı rayonu yaradılıb. Pirallahı rayonu əhali sayına görə sıralamada son sırada yer alır. 2013-cü ilin əvvəlinə olan rəsmi statistikaya əsasən, Pirallahı rayonunun 18,2 min sakini olub. Cari ilin əvvəlinə olan statistikaya görə isə rayonun 18,8 min sakini var. amam maraqlıdır ki, paytaxtdan baqşa ölkənin digər inzibati ərazilərində əhalinin belə artımı qeydə alınmır. Bundan başqa, dağlıq və ucqar bölgələrdə insanların kütləvi şəkildə şəhərlərə və xarici ölkələrə miqrasiyası müşahidə olunur. Bu isə həmin ərazilərdə sosial xidmətlərin dayanıqlılığına, iqtisadi aktivliyə və milli irsin qorunmasına mənfi təsir göstərir.

Azərbaycanda da yaşlanma prosesi artıq özünü qabarıq göstərir

Demoqrafik problemin digər vacib aspekti az doğum səviyyəsidir. Əvvəllər ailələrdə 3-4 və daha çox uşaq olması adi hal sayılırdısa, bu gün bir və ya iki uşaqla kifayətlənən ailələrin sayı artır. Bu dəyişikliklər əsasən şəhər həyat tərzinin yayılması, qadınların təhsil və əmək fəaliyyətində daha fəal iştirak etməsi, iqtisadi çətinliklər və gələcək təminatla bağlı narahatlıqlarla izah olunur. Əgər bu tendensiya davam edərsə, gələcəkdə ölkədə əmək qabiliyyətli əhalinin azalması və yaşlıların sayının artması problemi ilə üz-üzə qalmaq mümkündür.

Azərbaycanda yaşlanma prosesi artıq hiss olunmaqdadır. Rəsmi statistikaya görə, 65 yaşdan yuxarı insanların ümumi əhali arasındakı payı getdikcə artır. Bu isə pensiya təminatı, səhiyyə xidmətləri və sosial müdafiə sisteminə əlavə yük yaradır. Əgər doğum səviyyəsi aşağı, miqrasiya isə yüksək olaraq qalarsa, gələcəkdə ölkədə yaşlıların çoxluq təşkil etdiyi cəmiyyət formalaşa bilər ki, bu da əmək bazarına və iqtisadi dinamizmə mənfi təsir edəcək. Miqrasiya məsələsi isə demoqrafik tarazlığa təsir edən əsas amillərdən biridir. Gənc və əmək qabiliyyətli insanların xaricə, xüsusilə Avropa ölkələrinə köçməsi ölkə daxilində işçi qüvvəsinin azalmasına səbəb olur. Eyni zamanda, bu insanlar kənd təsərrüfatı, sənaye və digər sahələrdə potensial əmək resursları idilər. Gənclərin xaricə axını həm də ailə qurma və çoxuşaqlı ailə modellərinin azalmasına təsir edir. Azərbaycanda demoqrafik sabitliyi qorumaq və problemlərin qarşısını almaq üçün kompleks tədbirlərə ehtiyac var. Dövlət tərəfindən ailələrin sosial rifahının yaxşılaşdırılması, regionlarda infrastrukturun inkişafı, gənclərin işlə təminatı və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülməlidir. Eyni zamanda, doğum səviyyəsini artırmaq üçün analıq məzuniyyətlərinin uzadılması, uşaq pulu sisteminin tətbiqi və ailə institutunun möhkəmləndirilməsi vacibdir. Demoqrafik problem yalnız əhalinin say məsələsi deyil, həm də sosial, iqtisadi və mədəni inkişafın əsas şərtlərindən biridir. Bu problemin həlli üçün həm dövlət siyasəti, həm də cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı vacibdir. Azərbaycanın gələcək inkişafı üçün sağlam və balanslı demoqrafik strukturun formalaşdırılması əsas prioritetlərdən biri olmalıdır.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
17
34
baki-xeber.com

10Mənbələr