Azərbaycanda xəstəxanalarla yanaşı evlərdə də tibb bacısı funksiyasını yerinə yetirənlərə rast gəlinir. Səhhətində yaranan problemə görə həkimə, xəstəxanaya müraciət etmək istəməyənlər qohum-qonşu arasında tibb bacısı kimi tanınan birinə üz tuturlar. Dövlət və özəl xəstəxanalarda tibb bacısı vəzifəsində işləyənlər qohum-qonşuya, tanışa işdən sonra ya müəyyən ödəniş müqabilində, ya da könüllü şəkildə xidmət göstərirlər.
Bundan əlavə sadəcə özəl kurslarda qısa müddətdə dərs keçərək sertifikat alan, yaxud kimlərdənsə iynə vurmaq, sistem köçürmək, eləcə də bəzi tibbi xidmətləri göstərmək bacarığını yiyələnənlər də evlərdə tibb bacısı kimi fəaliyyətdədirlər. Hansı ki, bəzi hallarda bu xidməti göstərənlərin nə tibb təhsili, nə də tibb sahəsinə aidiyyatı olur.
Bəs evdə tibb bacısı kimi fəaliyyət göstərənlərə necə etibar etmək olar?
Məsələ ilə bağlı professor, tanınmış həkim Adil Qeybulla Referans.az-a açıqlamasında bildirib ki, ev şəraitində bu tip prosedurların həyata keçirilməsi yolverilməzdir.
“Ümumiyyətlə, digər ölkələrin heç birində evdə sistem qoşmaq, yəni venadaxili infuziya etmək, digər ineksiyalar aparmaq, antibiotik müalicəsi aparmağa icazə yoxdur və bu qadağandır. Çünki ev şəraitində bunu edən zaman ağırlaşma baş versə, əl altında xəstəni xilas etmək üçün heç nə olmur. Çox təəssüflər olsun ki, vətəndaşlar bu cür fəaliyyət göstərən tibb bacılarını evlərinə gətirirlər və iynə vurmaq, sistem qoşmaq və bu kimi digər prosesləri onlara etdirirlər. Lakin bu düzgün deyil, bundan daha çox xəstələrin günahı var. Tibb işçilərinin də təbii ki, buna xüsusi diqqət etməlidirlər və bilməlidirlər ki, ev şəraitində bu cür prosedurlar həyata keçirmək olmaz”.
Professor qeyd edib ki, aldıqları tibb təhsili Elm və təhsil nazirliyi, eyni zamanda Səhiyyə nazirliyi tərəfindən qəbul edilən tibb bacıları müvafiq tibb idarələrində fəaliyyət göstərə bilərlər. Amma bu tibb təhsilini əsas gətirərək ev şəraitində fəaliyyət göstərmək üçün heç kəsə icazə verilmir.
“Hətta kimlərsə gedib bir neçə aylıq kurs keçir və bu “diplom, sertifikatla” gəlib sistem və iynə vura bildiyini iddia edir. Lakin sterillik haqqında heç bir təsəvvürü yoxdur. Təbii ki, nəticədə belə faciəvi hadisələr baş verir. Əlbəttə ki, bu qanunda olan boşluqlarla bağlıdır və bu məsələlər hansısa formada qanuni şəkilə minməsə belə hadisələr artmaqda davam edəcək”.
Fidan Vəlisoy