Miçiqan Universitetinin alimləri immun sisteminin istehsal etdiyi zülalın qan damarlarını bağlayan lövhə əmələ gəlməsinə səbəb olduğunu aşkar ediblər.
Yüksək qan təzyiqi, xolesterin və diabet kimi məlum risk faktorlarına nəzarət uzun müddətdir ürək xəstəliyindən qorunmanın ən təsirli üsulu kimi tanınır. Aspirin və statinlər kimi dərmanlar milyonlarla insanın həyatını xilas edib. Bununla belə, ürək xəstəliyi ABŞ-da ən çox görülən ölüm səbəbi olaraq qalır. Üstəlik, bir çox insan risk faktorlarını nəzarət altında saxlasa da infarkt keçirir.
Miçiqan Universitetinin alimləri bu vəziyyəti izah edə biləcək yeni bir ipucu tapıblar. Araşdırmaya görə, immunitet sistemi tərəfindən istehsal olunan suPAR adlı bir zülal birbaşa damarları bağlayan və sərtləşdirən lövhələrin əmələ gəlməsinə (ateroskleroz) səbəb olur.
Ateroskleroz bütün dünyada bir milyarddan çox insanı əhatə edən və infarkt və insultların əsas səbəbi olan damar xəstəliyidir. Arteriya divarlarında yağ lövhələri toplanır, bu da qanın axmasını çətinləşdirir və ölümcül risk yaradır.
“SuPAR” proteini sümük iliyində istehsal olunur və termostat kimi bədənin iltihab səviyyələrini tənzimləyir. Əvvəllər yüksək suPAR səviyyələrinin ürək xəstəliyi riskini artırdığı bilinirdi, lakin bunun birbaşa səbəb olduğu ilk dəfə sübut edilib.
Tədqiqatçılar ürək xəstəliyi olmayan 5000-dən çox insanı araşdırıb və müəyyən ediblər ki, yüksək “suPAR” səviyyəsinə malik olanlarda, hətta yüksək təzyiq və ya xolesterin olmasa belə, ateroskleroz inkişaf riski əhəmiyyətli dərəcədə artıb.
Komanda 24.000 insanın genetik məlumatlarını araşdırdı və aşkar etdi ki, PLAUR adlı bir gendə olan bir variant “suPAR” səviyyəsini artırdı və bu da öz növbəsində koronar arteriyaların blokada riskini gücləndirdi. Böyük Britaniyanın Biobankından və digər iki böyük məlumat dəstindən 500.000 insanın genetik analizləri bu əlaqəni təsdiqləyib.
Siçanlar üzərində aparılan təcrübələr də göstərdi ki, yüksək “suPAR” verilmiş siçanların damarlarında normal səviyyəyə malik olanlara nisbətən daha çox lövhə var. Bu tapıntılar aydın şəkildə göstərdi ki, “suPAR” birbaşa damar zədələnməsinə kömək edir.
***
Mövcud ürək dərmanları, xüsusən də xolesterolu azaldan dərmanlar “suPAR” səviyyəsini aşağı salmır. Bu, “suPAR”ın ürək xəstəliklərinin müalicəsi üçün tamamilə yeni bir hədəf ola biləcəyini göstərir.
Salim Hayek və komandası suPAR səviyyələrini təhlükəsiz şəkildə aşağı sala bilən yeni müalicə üsulları hazırlamaq üçün işlərini davam etdirir.