Təbii ki, bu transferlərin reallaşmasında təcrübəli futbol funksioneri Ceyhun Sultanovun da payı var. Çünki o, heyətin formalaşdırılması yönündə "Araz-Naxçıvan"a qeyri-rəsmi şəkildə yardım edib.
Bəs komandanın komplektləşdirilməsi başa çatıbmı? Bu heyətin "Aris"i keçəcəyinə inanmaq olarmı? Ən əsası, o, komandaya lazımi töhfəni verdiyini düşünürmü?
"Football-plus.az" bu suallarla Ceyhun bəyə müraciət etdi:
"Bacardığımızın maksimumunu etməyə çalışdıq. Məncə, pis alınmadı. Bunda baş məşqçi Elmar Baxşıyevin böyük rolu oldu. Çünki onun istəyi, təkliflərimizə tez cavabı, hər futbolçuya zaman ayırması kimi amillər prosesə fayda verdi. Onun bəyənməsi və razılığı əsasında çalışmaq bizim üçün daha rahat oldu. Düşünürəm ki, "Araz-Naxçıvan"da yetərincə yaxşı futbolçular var. Nə dərəcədə effektiv olacağını isə zaman göstərəcək. Oyun baxımından hər birinin ideal çıxış edəcəyini, fövqəladə nəsə edib-etməyəcəklərini deyə bilmərəm. Bu, mənim işim deyil. İşim futbolçuları komandaya gətirmək idi ki, bunun üçün əlimdən gələni etdim. Mənə elə gəlir ki, komandanın "Aris"i mübarizədən kənarlaşdırmaq üçün gücü var. Bundan sonra yeni futbolçuların gətirilməsi gündəmdə yoxdu. Proses bitib. Yenə də hər şey oyunlardan asılı olacaq".
KƏNAN BAHADIR