AZ

Trampın Putinə ümidləri Ukraynada tam dağıldı...


Elşən Manafov: “Rusiya müharibəni doğuran səbəblərin aradan qaldırılması yolları üzərində düşünməyi təklif edir”

Ötən həftə ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı diqqət çəkdi. Bu, Tramp və Putin arasında son ay yarımda dördüncü, ilin əvvəlindən isə altıncı təmas idi.

Tərəflər arasında ilk telefon danışığı fevralın 12-də olub. Son telefon danışığında Ağ Ev lideri söhbət zamanı Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini bir daha gündəmə gətirib. Putin isə həmkarına Moskvanın Kiyevlə danışıqları davam etdirməyə hazır olduğunu bildirdi.

Rusiya lideri, həmçinin, Kremlin böhranın əsas səbəblərini aradan qaldırmağa çalışacağını və öz məqsədlərindən geri çəkilməyəcəyini vurğulayıb. Bir sözlə, Putin Trampa Ukrayna məsələsində geri çəkilməyəcəyini açıq şəkildə ifadə edib. Halbuki, sonuncu danışığa qədər ümid var idi ki, Tramp Ukrayna məsələsində Putini yola gətirəcək, amma bu dəfə də alınmadı. Bütün bunların fonunda hesab etmək olar ki, Trampın Ukrayna məsələsində Putinə bəslədiyi bütün ümid və planları alt-üst oldu?

“Trampın özünü sülhpərvər siyasətçi kimi təqdim etmək cəhdləri səmimiyyətdən uzaqdır”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov bütün bunlara bir neçə aspektdən yanaşdı: “Rusiya prezidenti Putin Ukrayna ilə müharibənin dayandırılması ilə bağlı prezident Trampın təkliflərinə həmişə böyük dəyər verdiyini bildirib. Lakin Rusiya tərəfi, ABŞ-dan fərqli olaraq, Ukrayna ilə müharibənin uzunmüddətli və dayanıqlı atəşkəs şərtləri və ya sülh müqaviləsinin imzalanması ilə dayandırılmasında maraqlı olduğunu dəfələrlə bildirib. Rusiya müharibəni doğuran səbəblərin aradan qaldırılması yolları üzərində düşünməyi təklif edir. Haqlı olaraq bildirir ki, qısa zaman üçün atəşkəs Ukrayna tərəfinə ancaq vaxt qazanmaq, Qərbin dəstəyi ilə qüvvələri səfərbər etmək üçün lazımdır. Ukrayna tərəfinin əvvəlcə İstanbul danışıqlarına hazır olması, sonra isə Britaniyanın təkidi ilə danışıqlardan imtina etməsi Rusiyanın belə düşünməsi üçün əsasdır. Tramp ABŞ-da prezident seçkiləri zamanı məlum müharibəni 24 saata dayandıra biləcəyi ilə bağlı iddialı mövqedən çıxış edirdi. Bu zaman ABŞ-ın imkanlarını həddən ziyadə yüksək qiymətləndirib və Rusiyanın gücü, imkanları, habelə maraqları ilə bağlı amilləri nəzərə almadan siyasi dividend qazanmaq üçün daxili auditoriyaya ünvanlanmış vədlərlə çıxış edib. Halbuki, istər Rusiya-Ukrayna savaşı, istərsə də İsrailin ABŞ-ın dəstəyi ilə İrana qarşı apardığı müharibə göstərdi ki, dünya artıq birqütblü deyil. Çinin iqtisadi gücü, hərbi qüdrətinin artması, Rusiya və İranla hərbi sahədə əməkdaşlığı, Şimali Koreya faktoru, nəhayət ABŞ və Avropa İttifaqı arasında Ukrayna böhranının nizamlanması ilə bağlı məsələlərə fərqli baxışlar da göstərir ki, dünyanın müxtəlif güc mərkəzləri tərəfindən yönləndiriməsi faktı danılmazdır. Rusiyaya regional güc kimi yanaşanlar artıq onun fövqəldövlət iddialarını nəzərə almaya bilməzlər. Nəhayət, prezident Tramp Ukrayna müharibəsinin alovlanmasına görə Bayden iqtidarının məsuliyyət daşıdığını dəfələrlə bəyan edib. Hərçənd, ilk dəfə məhz onun prezidentliyinin ilkin dövründə Rusiyaya qarşı sanksiyalar qəbul olunub. Bu mənada Trampın özünü sülhpərvər siyasətçi kimi təqdim etmək cəhdləri səmimiyyətdən uzaqdır. Unutmaq lazım deyil ki, Yaxın Şərq böhranının dərinləşməsi, İsrail-İran münasibətlərindəki məlum gərginliyə görə də məhz Tramp beynəlxalq birlik qarşısında məsuliyyət daşıyır. Tramp Ukrayna böhranının ABŞ-ın maraqları nəzərə alınmaqla nizamlanmasında maraqlı olub və bu zaman böhranı doğuran səbəblərin aradan qaldırılması üçün Moskvanı təmin edə biləcək şərtlərin Tramp tərəfindən irəli sürülməməsi onun "sülhyaratma" səylərinin səmərəsiz qalmasının səbəbidir”.

Vidadi ORDAHALLI

Seçilən
24
50
baki-xeber.com

10Mənbələr