AZ

Azərbaycan Mərkəzi Bankı Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin nümayəndələrini qəbul edib

Finss.az - Azərbaycan Mərkəzi Bankında (AMB) təcrübə mübadiləsi məqsədilə səfərdə olan Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin (QMBTİ) nümayəndə heyəti ilə görüşlər keçirilib.

QMBTİ nümayəndələrinin işgüzar səfərinin əsas məqsədi ikitərəfli texniki əməkdaşlıq çərçivəsində maliyyə sahəsində tənzimləyici qurumlar arasında peşəkar dialoqun genişləndirilməsi olub. Görüşlər zamanı AMB nümayəndələri tərəfindən qiymətli kağızların qeydiyyatı, İslam qiymətli kağızlarının tənzimlənməsi, həmçinin sekyuritizasiya prosesi və xüsusi maliyyə şirkətlərinin fəaliyyəti barədə məlumat təqdim edilib.

QMBTİ nümayəndə heyəti emissiya prospektinin, maliyyə hesabatlarının və digər sənədlərin nəzərdən keçirilməsi və təsdiqi üçün normativ tələblər, yaşıl istiqrazlar üçün hüquqi çərçivə, korporativ qiymətli kağızların emissiyasına diferensial yanaşmanın tətbiqi, istiqrazlara zəmanət və subsidiyalar kimi mühüm mövzular üzrə təmsil etdikləri qurumun təcrübəsini bölüşüb.

Qeyd edək ki, bu səfər cari ilin may ayında Mərkəzi Bank ilə Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində təşkil olunub. Memorandum maliyyə bazarının vəziyyəti və inkişafı, bazarın tənzimlənməsi və nəzarətinə dair standartlar və tələbləri, eləcə də bu sahədə innovativ mexanizmlər üzrə məlumat mübadiləsinin aparılmasını və bazar iştirakçılarının fəaliyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Seçilən
1
50
fins.az

10Mənbələr