AZ

Xankəndi Zirvə görüşü dünyaya bir mesaj idi

Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü dünyaya bir mesaj, bir uğur hekayəsinin məntiqi nəticəsi idi. Artıq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir, bu dəfə isə strateji məkan və tarixi ədalətin tam bərpasının dönüm nöqtəsi olan Xankəndi məhz belə böyük və mötəbər tədbirə ev sahibliyi etdi.

İşğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin intensivləşməsi, erməni vandalizminə məruz qalmış kənd və qəsəbələrimizin, təhsil və səhiyyə müəssisələrimizin, mədəniyyət abidələrimizin və məscidlərimizin yenidən bərpa olunaraq əvvəlki vəziyyətə gətirilməsi, habelə, bu ərazilərdə yeni və müasir yaşayış massivlərinin, iş yerlərinin, təhsil və səhiyyə ocaqlarının, turizm mərkəzlərinin və bir çox infrastrukturların inşası istiqamətində ölkə başçısı tərəfindən atılan ardıcıl və uğurlu addımlar Qarabağ və Şərqi Zəngəzur regionunun daha da çiçəklənməsinə, eləcə də bu ərazilərdə daha çox beynəlxalq tədbirlərin təşkil edilməsinə zəmin yaradır.

Sammit zamanı ölkə başçısı “Böyük Qayıdış” üzrə dövlət proqramı çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib. İşğaldan azad edildiyi vaxtdan bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı həyata keçirilmiş və bu ərazilərdə 50 mindən çox insanın yaşayışı təmin edilərək, onlar üçün hər cür şərait yaradılmışdır. Prezident bu ərazilərdəki çətinliklər və geri qayıdışa maneə  yaradan “minalarla çirklənmə” amili barədə də məlumat verdi. Belə ki, işğal nəticəsində Azərbaycana vurulmuş zərər təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirilir və Ermənistan tərəfindən torpaqlarımızda bir milyondan çox mina basdırılıb.

Ölkə başçısının bu mötəbər tədbirdə çıxışı zamanı indiki Ermənistan ərazisindən deportasiya olunmuş Qərbi azərbaycanlıların öz yurd-yuvalarına ləyaqətlə qayıtmasının labüdlüyü məsələsinə toxunması, beynəlxalq təşkilatların bu məsələdə fəal dəstəyinin önəmindən danışması olduqca mühüm və Qərbi azərbaycanlıları sevindirən bir mesaj idi. İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasında 57 üzv ölkənin yekdil qərarı ilə qəbul edilmiş “İstanbul Bəyannaməsi”ndə Qərbi azərbaycanlıların qayıdış hüququnun xüsusilə yer alması Azərbaycanın bu məsələdə apardığı prinsipial və məqsədyönlü xarici siyasətini ortaya qoyur. Həqiqətən də, İƏT, Qoşulmama Hərəkatı, BMT kimi beynəlxalq təşkilatların Qərbi Azərbaycanlıların haqlı tələblərini dəstəkləməsi, qaçqınların qayıdış hüququnun təşviq edilməsi və onların səslərinin beynəlxalq ictimaiyyət tərəfindən duyulması Ermənistan tərəfinə təzyiqlərin artmasına və onların bu məsələyə adekvat reaksiya verməsinə gətirib çıxara bilər. Buna görə də, dövlətimiz tərəfindən aparılan xarici siyasət kursunda ən çox qaldırılan məsələlərdən biri də sülh müqaviləsinin şərtləri ilə yanaşı, öz evlərindən, tarixi-əzəli torpaqlarından didərgin salınmış Qərbi azərbaycanlıların qayıdış hüququnun Ermənistan tərəfindən tanınması və qayıdışın ləyaqətlə, sülh və təhlükəsiz şəraitdə baş tutmasını təmin etməkdir.

Sonda qeyd edim ki, ECO sahəsində ölkəmiz olduqca böyük uğurlu addımlara imza atmış və gələcəkdə daha böyük layihələrin icrasını qarşıya məqsəd qoymuşdur. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Dövlətimizin qarşıya qoyduğu hədəflərə qısa zamanda nail olması, ölkəmizin nüfuzunun dünyada daha da artması, habelə iqtisadiyyatın və digər sahələrin dinamik inkişafı Prezident İlham Əliyevin uğurlu dövlət siyasətinin bariz göstəriciləridir.

Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı

Seçilən
0
50
ikisahil.az

10Mənbələr