AZ

Xankəndi sülhün, əməkdaşlığın və beynəlxalq dialoqun ünvanına çevrilib - ŞƏRH

Bakı, 7 iyul, AZƏRTAC

İyulun 3-4-də Azərbaycanın Xankəndi şəhərində tarixə yeni bir səhifə yazıldı. Böyük Zəfərin, sarsılmaz iradənin və qürurlu qayıdışın timsalına çevrilmiş bu şəhər İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə ev sahibliyi etdi. Bu təkcə diplomatik bir hadisə deyil, həm də tarixi ədalətin zəfəridir, milli suverenliyin möhtəşəm təntənəsidir. 30 il boyunca düşmən separatizminin qaranlıq kölgəsində saxlanılan Xankəndi indi sülhün, əməkdaşlığın və beynəlxalq dialoqun ünvanına çevrilib. Məhz bu səbəbdən də ECO Zirvə görüşünün Xankəndidə keçirilməsi Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, xalqımızın iradəsinin və müzəffər Ordumuzun qəhrəmanlığının nəticəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov səsləndirib.

O bildirib ki, Prezident İlham Əliyevin beynəlxalq miqyasda artan nüfuzu, Azərbaycan diplomatiyasının uğurları, ölkəmizin qlobal platformalarda mühüm söz sahibinə çevrilməsi hər bir vətəndaş kimi veteranları da qürurlandırır: “Azərbaycanın şərəfli tarixinə, Vətən müharibəsinin qəhrəmanlıq səhifələrinə imza atmış insanlar olaraq biz bu günü illərlə gözləmişik. Arzulamışıq ki, Xankəndidə üçrəngli Bayrağımız əzəmətlə dalğalansın, bu qədim Azərbaycan torpaqlarında sülh, tərəqqi və beynəlxalq əməkdaşlıq naminə yüksək səviyyəli müzakirələr aparılsın. Bu arzu bu gün gerçəkləşir. Biz, bu tarixi anın canlı şahidləri olaraq, qürurla bəyan edirik: bu, həm qələbənin nəticəsidir, həm də sabit sülhün başlanğıcıdır”.

Cəlil Xəlilovun sözlərinə görə, ECO Zirvə toplantısında 13 ölkənin dövlət və hökumət başçısının iştirakı Azərbaycanın regionda yaratdığı yeni reallıqların qlobal miqyasda qəbul olunmasının bariz göstəricisidir. “Xankəndi artıq Avrasiya əməkdaşlığının, mədəni inteqrasiyanın, iqtisadi inkişafın mərkəzinə çevrilməkdədir. Bu Zirvə görüşü göstərir ki, Qarabağ artıq münaqişə deyil, möhtəşəm dirçəlişin və sülhün məkanıdır. Şuşada keçirilən Biznes Forumu, Ağdamda təşkil edilən Gənclər Forumu, Laçında reallaşdırılan Qadınlar Forumu, Xankəndidə keçirilən yüksəksəviyyəli Zirvə görüşü Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında yeni həyatın başlanğıcını ifadə edir. Biz əminik ki, bu görüş Qarabağın bərpası və beynəlxalq investisiya əməkdaşlığının genişlənməsi istiqamətində yeni imkanlar yaradacaq. Azərbaycanın ECO daxilində fəallığı, təşkilatla uzunmüddətli və qarşılıqlı faydalı münasibətləri xüsusi qeyd olunmalıdır. Azərbaycanın təklifləri, təşəbbüsləri istər pandemiya dövründə beynəlxalq həmrəyliyin gücləndirilməsi, istər nəqliyyat-logistika marşrutlarının inkişafı sahəsində ECO ölkələri tərəfindən daim yüksək dəyərləndirilib. Qarabağda aparılan bərpa və quruculuq işlərinə ECO üzvü olan qardaş ölkələrin - Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstanın qatılması da bu beynəlxalq həmrəyliyin təzahürüdür. Veteranlar təşkilatı olaraq biz bu həmrəyliyi alqışlayır, Xankəndidəki Zirvə görüşünü bu əməkdaşlığın daha da genişlənməsi istiqamətində mühüm addım hesab edirik. Tarix qarşısında məsuliyyət daşıyan nəsil olaraq inanırıq ki, bu Zirvə toplantısı Azərbaycanın sülh və inkişaf naminə yürütdüyü siyasətin daha da möhkəmlənməsinə xidmət edəcək. Xankəndidə dalğalanan Bayrağımızın kölgəsində keçirilən bu möhtəşəm beynəlxalq tədbir gələcək nəsillər üçün də örnək olacaq. Qarabağ Azərbaycandır! Bu gün bu həqiqəti bütün dünya bir daha Xankəndidən eşitdi!”, - deyə o diqqətə çatdırıb.

 

Seçilən
1
9
azertag.az

10Mənbələr