“Azərsun Holding” MMC və onun törəmə müəssisələri ötən ili 43,97 milyon manat xalis mənfəətlə bitirib.
Valyuta.az xəbər verir ki, holdinqin mənfəəti bir ildə 24,6% və ya 14,3 mln. manat azalıb. Halbuki, 2023-cü ildə “Azərsun” 58,31 mln. manat xalis mənfəət açıqlamışdı.
Ümumilikdə holdinqin bölüşdürülməmiş mənfəətin həcmi 517,9 mln. manatdan 569,3 mln. manata yüksəlib.
Holdinqin mənfəətinin azalmasına səbəb ümumi gəlirlərinin azalmasıdır. Belə ki, qrupun ümumi gəliri 2024-cü ildə 1 milyard 661 milyon manat təşkil edib. Bu göstərici 2023-cü ildəki 1 milyard 811 milyon manat ilə müqayisədə 8.25% və ya 149.5 milyon manat azdır.
Satışların maya dəyəri isə 2023-cü ildəki 1 milyard 347.7 milyon manatdan ötən il 1 milyard 213.9 milyon manata enib. Başqa sözlə, maya dəyərində 133.8 milyon manat və ya 9.93% azalma müşahidə edilib. Bununla da, mənfəət 447.4 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 3.4% azdır.
Əməliyyat və digər xərclər nəzərə alınmaqla holdinqin vergidən əvvəlki mənfəət 15,5% azalaraq 73.4 milyon manata enib. 2023-cü ildə bu rəqəm 86.9 milyon manat təşkil edib.
Şirkətin ümumi aktivləri 2024-cü ildə 20,5% artaraq 1 milyard 291.1 milyon manata yüksəlib, cəmi kapitalı 7,4% artaraq 684,8 milyon manata, cəmi öhdəlikləri isə 39,7% artaraq 606,3 milyon manata çatıb.