2024-2025-ci tədris ilində ölkə üzrə 12 ali təhsil müəssisəsində (ATM) institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. Qrafikə uyğun olaraq, Naxçıvan Dövlət Universiteti, Azərbaycan İdman Akademiyası, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Odlar Yurdu Universiteti, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında institusional akkreditasiya qiymətləndirilməsi, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı və Bakı Dövlət Universitetinin Qazax filialında isə təkrar institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.
11 ATM-də (Azərbaycan Dövlət Pedaqoji Universiteti, eləcə də onun Ağcabədi, Quba, Cəlilabad və Şəki filialları, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti) “İbtidai sinif müəllimliyi” ixtisası və 7 ATM-də (Azərbaycan Dövlət Pedaqoji Universiteti, eləcə də onun Ağcabədi, Quba, Şəki, Cəlilabad filialları, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti) “Məktəbəqədər təhsil” ixtisası üzrə proqram akkreditasiya qiymətləndirilməsi keçirilib.
Akkreditasiya Şurasının 28 noyabr 2024-cü il tarixli iclasında Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2024-2025-ci tədris ilindən başlayaraq növbəti 5 il müddətinə institusional akkreditasiyadan keçməsi və Gəncə Dövlət Universitetinin qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il üçün uzadılması, həmçinin 1 ildən sonra təkrar akkreditasiya olunmasına dair qərar qəbul olunub. Akkreditasiya Şurasının eyni tarixli iclasında dövlət tərəfindən maliyyələşdirilən ikili diplom proqramlarının 4 ali təhsil müəssisəsi üzrə (Azərbaycan Dövlət Pedaqoji Universiteti - Corc Vaşinqton Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti - Ege, Bakı Mühəndislik Universiteti - İNHA Universiteti, ADA Universiteti - Corc Vaşinqton Universiteti) 3 ixtisaslaşma və 8 ixtisas üzrə proqram akkreditasiya qiymətləndirilməsi yekunlaşdırılaraq bu proqramlar üzrə nəticələr ictimaiyyətə elan edilib. Müvafiq iclasda həmçinin 3 ali təhsil müəssisəsində (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu) “İbtidai sinif müəllimliyi” ixtisası üzrə proqram akkreditasiya qiymətləndirilməsi nəticələri barədə qərar qəbul edilib. Akkreditasiya Şurasının 28 noyabr 2024-cü il tarixli iclasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavriat səviyyəsində tədris olunan 2 ixtisası (“İnşaat mühəndisliyi” və “Nəqliyyat tikintisi mühəndisliyi”), magistratura səviyyəsində tədris olunan 1 ixtisası (“İnşaat mühəndisliyi”), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavriat səviyyəsində tədris olunan 3 ixtisası (“Operator sənəti”, “Aktyor sənəti” və “Teatrşünaslıq) və Azərbaycan İdman Akademiyasının bakalavriat səviyyəsində tədris olunan 1 ixtisası (“İdman menecmenti və kommunikasiya”), magistratura səviyyəsində tədris olunan 2 ixtisasının (“İdman tibbi və reabilitasiya” və “İdman menecmenti”) beynəlxalq səviyyədə proqram akkreditasiya qiymətləndirilməsi nəticələrinin dövlət akkreditasiyası tərəfindən nəzərə alınmasına dair qərar qəbul edilib.