AZ

Xəzər ölkələri yeni lokomotivə çevrilir - TƏHLİL

Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşü sadəcə diplomatik hadisə deyil, həm də regionun gələcək geo-iqtisadi xəritəsini formalaşdıran mühüm dönüş nöqtəsi oldu.

Təşkilatın qeyri-rəsmi olaraq Qərbi və Mərkəzi Asiyanın ən qədim inteqrasiya platformalarından biri kimi tanınması, bu dəfə Xankəndidə onun yenidən formalaşan regional güc balansında necə önəmli rol oynadığını sübut etdi.

Xəzər ölkələri yeni lokomotivə çevrilir

Zirvə ərəfəsində Şuşada keçirilən VI ECO Biznes Forumu, 200-dən çox iştirakçının qatıldığı tədbir olaraq Xəzər hövzəsinin inkişaf perspektivlərini ön plana çıxardı. Hazırda ECO çərçivəsində icra olunan əsas infrastruktur layihələrinin əksəriyyəti məhz Xəzər regionu ətrafında cəmlənib və bu sahədə Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın liderliyi gözdən qaçmır.

Bu üç ölkə tərəfindən imzalanan "Yaşıl Dəhliz Birliyi" adlı ortaq müəssisə yaradılması haqqında saziş, Orta Asiyadan Azərbaycana qədər uzanacaq "Yaşıl enerji dəhlizi" layihəsinin icrasına başlanğıc verdi.

Layihə təkcə enerji ixracı deyil, həm də regionda dayanıqlı enerji zəncirinin formalaşması baxımından strateji əhəmiyyət kəsb edir.

Transxəzər enerji dəhlizinə texniki əsaslar

Bu təşəbbüslə paralel olaraq Asiya İnkişaf Bankı Transxəzər enerji dəhlizinin texniki-iqtisadi əsaslandırılması üçün beynəlxalq tender elan edib. Qalib şirkət 2026-cı ilin payızında açıqlanacaq və bu, layihənin praktiki mərhələyə keçidi üçün vacib addım olacaq.

ECO ölkələri artıq öz coğrafi mövqeləri, günəş və külək enerjisinə əlverişli iqlim şəraiti, eləcə də elektrik ötürmə infrastrukturuna yönəlik yatırımları sayəsində enerji sabitliyinin yeni qlobal mərkəzinə çevrilmək ərəfəsindədir.

2030-cu ilə qədər Xəzər dənizi ətrafında birləşdirilən bərpa olunan enerji sisteminin Qara dənizin dibi ilə çəkiləcək kabellə Avropa İttifaqına enerji ixracına başlaması planlaşdırılır.

Bu layihə, Azərbaycanın və Qazaxıstanın artıq malik olduğu karbohidrogen təchizatçısı statusuna əlavə olaraq, onları "yaşıl enerji" ixracatçısı kimi də Avropa bazarında möhkəmləndirəcək.

Qlobal yaşıl enerji tendensiyası fonunda

Avropa İttifaqında təbii qazın elektrik istehsalındakı payı 2023-cü ildə 18% idisə, 2024-cü ildə bu göstərici 15% qədər azalıb.

Bu isə yaşıl enerji keçidinin sürətlənməsinin bariz göstəricisidir. ABŞ-da enerji saxlama sistemlərinin gücü 2020-ci ilin sonunda 1,5 GVt 2024-cü ilin oktyabrında 24 GVt yüksəlib.

Səudiyyə Ərəbistanı 2030-cu ilə qədər elektrik istehsalında bərpa olunan mənbələrin payını 1,3%-dən 50% çatdırmağı hədəfləyir.

Çin isə 2021-ci ildə yaşıl energetikaya 166 milyard dollar yatırdığı halda, 2024-cü ildə bu rəqəm 345 milyard dollara çatıb. Nəticədə, Çin bu sahədə qlobal investisiyaların 45% öz üzərinə cəmləyib.

Bakı-Daşkənd: Gəmiqayırma və sənaye əməkdaşlığı

Zirvə ərəfəsində Özbəkistan və Azərbaycan arasında yüksək səviyyəli hökumətlərarası şuranın iclası keçirilib və burada mühüm sənədlər imzalanıb. Onlardan biri gəmiçilik və gəmiqayırma sahəsində əməkdaşlığa dair Protokol olub.

Bu sənədə əsasən, Bakı və Daşkənd ümumi dəyəri 150 milyon dollar olan bərabər ortaq investisiya ilə bərələr istehsal edəcək.

Bu təşəbbüs Xəzər regionunda nəqliyyat imkanlarının genişlənməsi, multimodal daşımaların inkişafı və yeni sənaye zəncirlərinin qurulması baxımından strateji əhəmiyyət daşıyır.

Artıq 2025–2026-cı illəri əhatə edən sənaye əməkdaşlığı proqramı çərçivəsində Özbəkistan–Qazaxıstan–Azərbaycan və Özbəkistan–Türkmənistan–Azərbaycan marşrutlarında multimodal yükdaşımaların intensivləşdirilməsi nəzərdə tutulur.

Yeni iqtisadi arteriyalar: kənd təsərrüfatı, logistika və sənaye

Transxəzər dəhlizi boyunca sənaye və kənd təsərrüfatı məkanlarının formalaşması da gündəmdədir.

Özbəkistanın sənaye mərkəzlərindən başlayaraq Türkmənistan və Qazaxıstan limanları vasitəsilə Azərbaycanın ərazisindən keçərək Gürcüstan və Türkiyəyə çıxan bu enerji və nəqliyyat arteriyası ətrafında azad iqtisadi zonalar, aqro-sənaye klasterləri və logistik şəbəkələrin yaradılması planlaşdırılır.

Gələcəkdə bu inteqrasiya prosesinə İranın da qoşulması gözlənilir.

Pakistanla 2 milyard dollarlıq investisiya sazişi

Şuşada keçirilən Zirvədə daha bir önəmli hadisə – Azərbaycan ilə Pakistan arasında ilkin investisiya sazişinin imzalanması oldu.

Bu sənəd Azərbaycanın Pakistana 2 milyard dollarlıq investisiya yatırımlarını nəzərdə tutur. İlham Əliyevin İslamabada planlaşdırılan səfəri zamanı bu sazişin genişləndirilmiş versiyasının imzalanması gözlənilir.

Bu, Azərbaycanın son on ildə Qafqaz və Türkiyədən kənarda həyata keçirdiyi ən iri xarici investisiya paketi ola bilər.

ECO-nun payı və gələcək perspektivlər

Hazırda Azərbaycanın ECO ölkələri ilə xarici ticarət dövriyyəsi 8 milyard dollar ətrafındadır ki, bu da ümumi ticarət dövriyyəsinin təqribən 17%-nə bərabərdir.

2025-ci ilin ilk beş ayında bu göstərici 3,5 milyard dollara çatıb ki bu da, əvvəlki ilin eyni dövründən 10% çoxdur.

Bu tendensiyalar göstərir ki, ECO yeni geosiyasi konfiqurasiyada sabitlik, enerji təhlükəsizliyi və regional iqtisadi inteqrasiyanın mərkəzinə çevrilmək potensialına malikdir.

Xankəndidə keçirilən sammit, bu potensialın reallaşmasında vacib başlanğıc nöqtəsi olub.

N.Təbrizli

Seçilən
0
50
anews.az

10Mənbələr